Rusiya gecə boyu PUA və raketlərlə 526 hücum həyata keçirib
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiyanın gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) və raketlərdən istifadə edərək ölkə üzrə 526 hücum həyata keçirdiyini bildirib.
Zelenski ABŞ mərkəzli X şirkətinin sosial media platformasında yaydığı açıqlamada qeyd edib ki, ölkənin bir çox bölgəsində mülki infrastruktur, enerji obyektləri, nəqliyyat mərkəzləri və yaşayış məntəqələri gecə boyu Rusiya tərəfindən hədəfə alınıb.
Onun sözlərinə görə, hücumlarda ümumilikdə 526 zərbə vasitəsindən istifadə olunub, onların 500-dən çoxu PUA, 24-ü isə raket olub.
Zelenski bildirib ki, ölkə üzrə çoxsaylı binalar zərər görüb, yanğınsöndürmə və bərpa işləri üçün lazım olan bütün qüvvələr səfərbər edilib.
O, hücumların davam etməsində Rusiyaya “kifayət qədər təzyiq göstərilməməsinin” rol oynadığını vurğulayıb:
“(Rusiya Prezidenti Vladimir) Putin, cəzasız qalmasının nəticələrini nümayiş etdirir. Dünya buna mütləq cavab verməlidir”.
Zelenski əlavə edib ki, gün ərzində bəzi Avropa ölkələri ilə Rusiyaya qarşı təzyiq tədbirlərini müzakirə edəcək.
TRT HABER
Solmaz Muradova