Rusiya hücumları davam etdirir
Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya hücumlarını dayandırmaq niyyətində deyil. Onun sözlərinə görə, cəbhənin bəzi bölgələrində Rusiya qüvvələrinin yenidən toplandığı müşahidə olunur və Ukrayna buna asimmetrik cavab verəcək.
Məsələ ilə bağlı politoloq Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya–Ukrayna müharibəsi elə bir mərhələyə çatıb ki, onun məntiqi sonluğa qədər davam etməsindən başqa çıxış yolu qalmayıb:
"Diplomatik səylər artıq üç ilə yaxındır göstərilir, lakin real nəticə əldə olunmayıb. Türkiyə, Çin, Macarıstan, ABŞ və dünyanın digər güclü dövlətlərinin vasitəçilik təşəbbüsləri də səmərə verməyib. Təəssüflər olsun ki, bir çoxlarının Putinin müəyyən məqamda sülhə razı olacağına dair ümidləri də özünü doğrultmayıb. Əslində uzaqgörən insanlar, Rusiyanın dövlət siyasətindəki imperiya iddialarını yaxşı bilənlər əvvəldən anlayırlar ki, Putinə bu yöndə ümid bəsləmək əbəsdir. Ukrayna müharibəsi yalnız hərbi yolla məntiqi sonluğa çatacaq və diplomatik yolların nəticə vermədiyi artıq aydın görünür. Çünki Rusiya bu müharibədə Ukraynanı tam diz çökdürmək, onu ilhaq etmək və özündən asılı, Rusiyanın siyasətini dəstəkləyən, sözünü deyən oyuncaq bir rejim yaratmaq niyyətindədir".
Ekspert həmçinin bunu da bildirib ki, onun məqsədi nə Ukraynanı neytral statusa gətirmək, nə də Avropa ölkələrinin və ya NATO-nun hərbi bazalarının yerləşdirilməsinin qarşısını almaqdır:
"Məqsəd yalnız Rusiyaya tam tabe olan bir dövlət qurmaqdır. Bu isə artıq Ukrayna xalqı və cəmiyyəti tərəfindən qəbuledilməzdir. Buna görə də Ukrayna məsələsinin həllinin yeganə yolu Rusiyaya hərbi təzyiqlərin gücləndirilməsidir. Təəssüf ki, hələ də Donald Tramp kimi bəzi siyasi fiqurlar Putinin danışıqlar yolu ilə razılığa gələ biləcəyinə inanırlar. Lakin yaxın zamanda ABŞ-də da başa düşüləcək ki, Putini sülhə məcbur etməyin yeganə yolu hərbi təzyiqdir. Ukrayna probleminin həlli bundan ibarətdir".
Güllər Gülhüseynova