Rusiya hərbi təyyarələrinin NATO hava sahəsi ilə bağlı artan gərginlik
Son günlər Rusiya hərbi təyyarələrinin NATO üzvü ölkələrin hava sahəsinə yaxın uçuşları bölgədə gərginliyi artırıb. Hərbi analitiklərin fikrincə, bu addımlar həm region təhlükəsizliyi, həm də beynəlxalq diplomatiya üçün ciddi çağırışlar yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a danışan hərbi ekspert Abutalıb Səmədov bildirib ki, Rusiyanın hərbi təyyarələrinin NATO hava sahəsinə yaxınlaşmasında əsas məqsəd alyansın aparıcı ölkələrinin reaksiyasını sınamaqdır:
“Rusiya bu addımları inkar edir, ancaq məqsəd aydındır. NATO üzvlərinin reaksiyası isə çox da sərt deyil. ABŞ-nin keçmiş Prezidenti Donald Trump sərhədi keçən təyyarələrin vurulmalı olduğunu bildirib, lakin ABŞ-nin digər NATO ölkələri ilə birgə hərəkət edib-etməməsi məsələsində tərəddüd göstərdiyi müşahidə olunur. Əgər ABŞ rəhbərliyi digər NATO üzvləri ilə birgə Rusiyaya qarşı daha qəti addımlar atmazsa, Avropa ölkələri belə riskli addımlardan çəkinir. Bu səbəbdən NATO üzvləri, məsələn, Türkiyə, hər hansı bir rus təyyarəsini vurmaqdan çəkinir və əsasən məsləhətləşmələr və monitorinq ilə kifayətlənirlər. Hazırda NATO ilə Rusiya arasında açıq hərbi qarşıdurma riski çox azdır. ABŞ özünü Avropa dövlətlərindən ayırdığı müddətcə, Rusiya ilə birbaşa qarşıdurmanın baş verməsi ehtimalı minimaldır. Burada əsas hədəf tərəflərin reaksiyasını sınamaq və strategiyalarını qiymətləndirməkdir. Rusiya üçün bu cür hərbi fəaliyyət həm strateji mesajdır, həm də NATO ölkələrinin birliyini yoxlamaq üçün vasitədir. Eyni zamanda, bölgədə artan gərginlik Baltik və Şərqi Avropa ölkələri üçün ciddi təhlükəsizlik narahatlığı yaradır”.
Fatimə Hüseynli
