Rusiya ilə bağlı mövqeyimiz dəyişəcək
ABŞ Prezidenti Donald Tramp deyib ki, Ankoricdə keçirilən son sammit Vaşinqtonun gözlədiyi nəticəni verməsə, ABŞ Rusiya və Ukrayna ilə bağlı mövqeyini dəyişəcək.
"Bir neçə həftə əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada həqiqətən çox yaxşı görüş keçirdim. Bunun nəyəsə gətirib çıxaracağını görəcəyik. Əks halda, biz fərqli mövqe tutacağıq",- Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, hansı dəyişikliklərin olacağını açıqlamayıb.
Mövzu ilə bağlı politoloq Sahil Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın son açıqlamaları təsadüfi deyil:
“Əlbəttə ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın bu son açıqlamaları və Rusiyaya qarşı sərt bəyanatlar səsləndirməsi heç də təsadüfi deyil. Çünki Tramp hakimiyyətə gəldiyi dövrdən bugünə qədər cidd-cəhdlə çalışır ki, Rusiya-Ukrayna müharibəsinin sonlandırılmasına çox böyük töhfə versin və nəhayət, dünyada sülhün, əmin-amanlığın əldə olunmasına öz dəstəklərini sərgiləsin. Bununla bağlı sonuncu dəfə ABŞ prezidenti ilə Rusiya prezidenti arasında görüş və görüşdən əvvəlki təmaslar, Alyaskada keçirilən görüş və ondan sonrakı dövrdə də həyata keçirilən danışıqlar hələ ki, heç bir nəticə verməyib. Bu, böyük təəssüf doğurur. Rusiyanın qeyri-konstruktiv mövqe tutması, Ukrayna cəbhəsində daha da faciəvi əməliyyatlar həyata keçirməsi, əlbəttə ki, münasibətlərin gərginləşməsinə gətirib çıxarır. ABŞ ilə Rusiya arasında bu gərginlik daha da gərginləşir. Təbiidir ki, Trampın "mövqeyimizi dəyişəcəyik" bəyanatı ABŞ-Rusiya-Ukrayna siyasətində də müəyyən dəyişikliklərə bir işarədir. Bu, açıq-aydın görünür. Çünki Rusiya bu danışıqlardan heç bir konstruktiv mövqe sərgiləməsə, Ukraynadakı hərbi əməliyyatları davam etdirsə və sülhə gəlməsə, əlbəttə ki, ABŞ də dünyanın bir nömrəli güc mərkəzi kimi Rusiya ilə münasibətləri daha da gərginləşdirəcək və biz bu istiqamətdə daha təhlükəli proseslərin şahidi ola biləcəyik. Bu açıqlamanın ABŞ-Rusiya münasibətlərində yeni gərginlik başlatması heç də şübhə doğurmur. Çünki Rusiya hər nə qədər danışıqlar prosesində iştirak etsə də, müəyyən sülh bəyanatları versə də, biz real əməldə Rusiyanın hegemonluğunu, bir qədər də dəqiq desək, sülhə və təhlükəsizliyə ciddi zərbə vuran hərbi əməliyyatlarını görməkdəyik. Bu da ABŞ tərəfindən müəyyən adekvat addımlar atmağa gətirib çıxaracaq ki, bu, gələcək üçün yaxşı heç nə vəd etmir”.
Lalə Qurbanlı