00:00:00
Yazar
Admin User
09.10.2025 17:05 110 2 dəq oxuma
Siyasət

Rusiya “qara gün”ə saxladığı ehtiyatından istifadə edir

Rusiya “qara gün”ə saxladığı ehtiyatından istifadə edir

Rusiyada benzin çatışmazlığı artıq 20%-ə yaxındır. Üstəlik, neft emalı zavodlarına zərbələr endirildiyi üçün işğalçı ölkə dizel ehtiyatlarından istifadə edir.


Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.


“Ukrayna həqiqətən mühüm nailiyyətlər əldə edir və bizim Rusiyaya qarşı uzunmüddətli sanksiyalarımız bunu nümayiş etdirir. Məlumatlara görə, Rusiyada yanacaq qıtlığı artıq 20%-ə yaxınlaşır”, - Ukrayna lideri bildirib.


Zelenski əlavə edib ki, bu rəqəm benzinə aiddir və Rusiya artıq “qara gün” üçün saxladığı ehtiyatlarından istifadə edir.


Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyada həqiqətən də yanacaq çatışmazlığı müşahidə olunur:


“Neft emalı zavodlarının istehsal həcmi təxminən 17% azalıb. Lakin bu, hələlik ölkədə böyük bir kollapsın yaşanacağı anlamına gəlmir.Hazırda həm də kənd təsərrüfatı məhsullarının yığım mövsümü davam edir. Bu səbəbdən kənd təsərrüfatı sektorunun dizel yanacağına olan tələbat artıb və nəticədə bazarda müəyyən problemlər yaranıb. Dizel yanacağının və benzinin qiymətlərində artım qeydə alınıb.


Əgər vəziyyət davamlı hal alarsa və daha bir neçə neft emalı zavodu fəaliyyətini dayandırarsa, bu zaman daha dərin iqtisadi böhran yaşana bilər. Hazırda 17%-lik azalma hələ idarəolunan səviyyədədir. Bununla belə, regionlarda yanacaq çatışmazlığı müşahidə olunur, həm benzin, həm də dizel qiymətləri yüksəlib.


Buna baxmayaraq, Rusiyada iqtisadiyyatın tam çökməsi barədə danışmaq doğru olmaz. Rusiya hökuməti vəziyyəti sabitləşdirmək üçün bir sıra addımlar atıb. Belə ki, benzin və dizel yanacağının ixracına ilin sonuna, yəni yanvar ayına qədər qadağa qoyulub. Bu qərarın daxili bazarda təklifi artırması gözlənilir”.


Natiq Cəfərli qeyd edib ki, eyni zamanda, sıradan çıxmış neft emalı zavodlarında təmir işləri aparılır:


“Zavodlar qısa müddətdə fəaliyyətə qayıdarsa, ölkədəki yanacaq problemi nisbətən azala bilər.
Lakin əgər Ukraynanın hücumları nəticəsində Rusiyanın neft emalı zavodları daha böyük zərbələrlə üzləşərsə, bu halda ölkənin enerji sektoru və emal sənayesi ciddi zərbə alacaq. Belə bir vəziyyət isə dalğa effekti yaradar və iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərə bilər”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər