Rusiya Trampın bu planında iştirak etmir
Rusiya ABŞ Prezidenti Donald Trampın Fələstin münaqişəsinin həlli planında iştirak etmir və amerikalılardan heç bir siqnal olmayıb.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Məndən Rusiyanın bu planda iştirak edib-etmədiyini soruşursunuz, yox və amerikalılardan heç bir siqnal olmayıb”, - o bildirib.
Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda dünyada gedən qlobal hərbi-siyasi proseslər fonunda Qərb Rusiyanın iştirakını minimum həddə endirməyə çalışır və böyük ölçüdə buna nail olmağı bacarır:
“Yeni dünya nizamına aparan tarixi mərhələdə Qərb və NATO son 5 ildə Rusiyanın ətrafında mövcud olan və onun lehinə işləyən strategiya balansını dəyişməyi bacarıb. Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi, Şərqi Avropada müdafiə imkanlarının gücləndirilməsi Qərbə mühüm üstünlüklər qazandırıb.
İndi isə Yaxın Şərqdə formalaşan yeni nizam kontekstində Qərb və ABŞ Rusiyanın proseslərə qatılmasını heç bir şəkildə istəmir. Çünki nəticə etibarilə müəyyən müddətdən sonra Rusiyanın iştirakı Qərb və ABŞ-nin strateji rəqabətini meydanda daha da gücləndirə bilər. Peskovun “biz ABŞ-dən siqnal almamışıq” açıqlamasının arxasında da məhz bu məntiq dayanır. Yəni, Amerika Rusiyanın tarixi olaraq mühüm strateji rol oynadığı mürəkkəb regionda yenidən təsir imkanları əldə etməsini istəmir və ona görə də Moskvanı prosesdən kənarda saxlayır”.
Politoloq açıqlamasında qeyd edib ki, Həmasın təşkilatlanması və silahlanmasında İran və Rusiyanın müəyyən xidmətləri olub:
“Bu gün isə vaxtilə Yaxın Şərqdə güc balansının əsas elementlərindən biri sayılan həmin təşkilat zəiflədildikcə Rusiyanın müdaxilə imkanları da azalır. Belə şəraitdə ABŞ öz maraqları naminə Rusiyanı kənarda saxlamağa çalışır.
Əgər Rusiya prosesdən tamamilə təcrid edilərsə, yaxın perspektivdə hadisələrin inkişaf istiqamətində kardinal dəyişikliklər baş verməsi çətin görünür. Moskvanın təsir imkanlarının bərpası yalnız Rusiya–Ukrayna müharibəsinin başa çatmasından sonra mümkün ola bilər. Lakin həmin müharibənin sonu ilə bağlı hələlik üfüqdə aydın bir işıq görünmür”.
Ləman Mahmudlu
