Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə olunub
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında davam edən münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu açıqlayıb.
Mövzu ilə bağlı "İnformator. az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Donald Trampın Rusiya-Ukrayna savaşı ilə bağlı dediyi fikirlər kifayət qədər ziddiyyətlidir və orada həqiqət payının nə qədər olduğunu demək çox çətindir:
"Donald Trampın fikirlərini dinləyəndə onun biraz da şişirdilmiş və arzu etdiyi formada fikirlərini çatdırdığını görmək olar. Yəni onun dediyi irəliləyişlər müəyyən qədər humanitar məsələlərə aid olan hissədir. Tərəflər hərbi əsirlərin və meyitlərin dəyişməsi ilə bağlı müəyyən razılaşma əldə ediblər. Orada irəliləyiş deyəndə bu nəzərə alınır. Amma Rusiya-Ukrayna arasında prinsipial məsələlər öz həllini tapmayıb, çünki Rusiyanın istəkləri ilə Ukraynanın istəkləri tamamilə bir-birinə ziddir və bunun razılaşdırılması indiki zamanda mümkünsüz deyil".
Politoloq qeyd edir ki, Rusiya-Ukrayna savaşı ilə bağlı Donald Trampın bu açıqlamaları biraz Amerikanın daxili auditoriyasına hesablanıb. Belə ki, 3 noyabrda keçiriləcək aralıq seçkiləri öncəsi Tramp seçiciləri müəyyən qədər həm də manipulyasiya etməyə çalışır. Trampın sözlərində həqiqət payı kifayət qədər azdır.
Xədicə İsmayılova