Rusiya-Ukrayna müharibəsində dinc əhaliyə hücumlar və humanitar nəticələr
Rusiya–Ukrayna müharibəsi, 2022-ci ildən bəri, dinc əhaliyə qarşı genişmiqyaslı hücumlar və humanitar böhranla müşayiət olunur. Hər iki tərəf mülki əhalinin hədəf alınmadığını iddia etsə də, beynəlxalq təşkilatlar və müstəqil müşahidəçilər bu hücumları müharibə cinayətləri kimi qiymətləndirir.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a bildirib ki, Rusiya-Ukrayna müharibəsində dinc əhaliyə qarşı hücumlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və bu faktlar Moskvanın siyasi imicinə ciddi zərbə vurur:
“Mülki obyektlərin, yaşayış binalarının, məktəblərin və xəstəxanaların hədəfə alınması Rusiya ilə bağlı mənfi rəy formalaşdırır və onu beynəlxalq hüququ pozan aktor kimi təqdim edir. Bu, həm də Rusiyanın diplomatik təcridini gücləndirir və onun etibarlılığını sarsıdır. Belə hücumların digər nəticəsi Qərb ölkələrinin siyasətinə təsirdə özünü göstərir. Ukraynanı dəstəkləyən dövlətlər humanitar fəlakətlərin miqyasını gördükcə, Kiyevə hərbi, maliyyə və siyasi dəstəklərini daha da artırırlar. Bu proses həm NATO daxilində, həm də Avropa İttifaqında Rusiyaya qarşı sərt mövqelərin güclənməsinə səbəb olur. Eyni zamanda, yeni sanksiya paketləri və diplomatik təzyiqlər gündəmə gəlir. Humanitar böhran münaqişənin gedişatına da təsir göstərir. Bir tərəfdən, dinc əhalinin hədəfə alınması müharibənin uzanmasına gətirib çıxara bilər, çünki bu, Ukrayna xalqının müqavimət əzmini artırır və Qərbin dəstəyini daha davamlı edir. Digər tərəfdən, humanitar fəlakətin miqyasının artması tərəfləri beynəlxalq vasitəçilər vasitəsilə danışıqlara getməyə də məcbur edə bilər. Lakin hazırkı reallıqda müharibənin daha çox uzanması ehtimalı güclüdür, çünki tərəflər hələ də kompromisə hazır görünmür”.
Fatimə Hüseynli
