Rusiya–Ukrayna müharibəsinin sülh yolu ilə həlli mümkündür
ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsinin yaxın zamanda sülh yolu ilə həll olunacağına inandığını bildirib. O, çıxışı zamanı qeyd edib ki, tərəflər arasında danışıqların aparılması üçün əlverişli şərait formalaşır və Vaşinqton bu prosesə dəstək verməyə hazırdır. Tramp əlavə edib ki, məqsəd uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin edilməsidir.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya üçün Trampın yanaşması məqbuldur:
"Nəzərə alsaq ki, ABŞ-də keçirilən Ankanica, yəni Alyaska görüşündə Rusiya və ABŞ-nin Dövlət Departamentlərinin nümayəndələri arasında kifayət qədər pozitiv məsələlər müzakirə olunub. Əsasən, bu, Rusiya-ABŞ münasibətlərinə, eyni zamanda Şimal yolunun birgə istismarına da aiddir. Digər tərəfdən isə bu, ABŞ-lə SSRİ arasında imzalanan və hazırda Rusiya ilə qüvvədə olan SMB-2 (orta və uzaq mənzilli raketlərin məhdudlaşdırılması) müqaviləsinə də toxunur. Bu müqavilənin müddəti 2026-cı ilin fevralında başa çatır və onun uzadılması məsələsi gündəmdədir. Hazırda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ABŞ-nin sakit mövqeyini, xüsusən də Trampın Ukrayna müharibəsi ilə bağlı ehtiyatlı yanaşmasını maraqla qarşılayır. O qeyd edib ki, Moskva SMB-2 müqaviləsinin uzadılması ilə bağlı təklif göndərib və hazırda ABŞ tərəfindən cavab gözləyir. İkinci məsələ ondan ibarətdir ki, artıq Həmas-İsrail qarşıdurması arxada qalmaqdadır. Bildiyiniz kimi, həmin regionda sülh prosesi başlayıb. Regionda sülh prosesinin başlaması Moskvanı narahat edir. Xatırlatmaq lazımdır ki, 2023-cü ilin oktyabrın 7-də, Həmas yaraqlıları İsrail ərazisinə hücum edib, təxminən 1200 mülki vətəndaşı qətlə yetirmiş, 250-yə yaxın insanı isə girov götürüb. Həmasın bir neçə qanadı var və onlardan bəzilərinin Rusiya ilə əlaqələri olduğu iddia edilir. Bu, rəsmi təsdiqlənməsə də, müxtəlif mənbələrdə belə ehtimallar səsləndirilir".
Ekspert həmçinin bunu da qeyd edib ki, üçüncü məqam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin yubiley tədbiri çərçivəsində Vaşinqtonda Donald Tramp ilə görüşüdür:
Görüş zamanı Tramp, Rusiya ilə münasibətlərdə Türkiyənin mövqeyini bir qədər dəyişməyə çağırıb. Xüsusilə də karbohidrogen ehtiyatlarının, yəni qaz və neftin alınması, eləcə də “Türk axını” layihəsi vasitəsilə qaz tədarükünün azaldılması və ya tənzimlənməsi məsələlərinə toxunulub. Bu istiqamətdə danışıqlar davam edir. ABŞ və Türkiyə arasında qaz tədarükünə dair yeni müqavilələrin imzalanması gözlənilir və bu, təbii ki, Rusiyanı narahat edir. Beləliklə, bu üç amil, SMB-2 müqaviləsi, Həmas-İsrail məsələsi və Türkiyə-ABŞ qaz əməkdaşlığı Rusiyanı ciddi şəkildə narahat edir. Ən əsas faktor isə “Tomahawk” raketləridir. Əgər bu raketlər Ukraynaya verilərsə, Rusiya ordusunun qış aylarındakı hücum imkanları azalacaq və hətta müharibədə üstünlüyü itirə bilər. Rusiya bunu çox yaxşı anlayır. Hətta Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi də bildirib ki, bu, Ukraynadakı hərbi əməliyyatlara birbaşa təsir göstərə bilər. Baxmayaraq ki, “Tomahawk” raketləri nisbətən köhnə modeldir, yenə də onlar tamamilə təsirsiz deyil. Qeyd etmək lazımdır ki, Ukrayna 2023-cü ildən bəri bu raketləri ABŞ-dən tələb edir. Buna görə də bu dörd faktoru nəzərə alsaq, yaxın günlərdə Ukrayna və Rusiya arasında sülh sazişi ilə bağlı müəyyən müsbət addımların və görüşlərin şahidi ola bilərik".
Güllər Gülhüseynova
