“Rusiya Ukraynada dayandırılmasa, mütləq irəli gedəcək”-ŞƏRH
"Avropa İttifaqı Kiyevə silah tədarük etməklə Ukrayna münaqişəsinə getdikcə daha çox cəlb olunur. ABŞ-nin isə Kiyev rejimini dəstəkləməkdə fəallığı azalır. Avropa İttifaqı Kiyevi maliyyələşdirir və silah tədarük edir".
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Birliyinin Ukraynaya yardım etməsi həmin birliyin suveren hüququdur və Rusiyanın buna qarışmağa hüququ, haqqı yoxdur:
“Bir tərəfdən də əlbəttə ki, Avropa Birliyində Ukraynaya yardımla bağlı münasibət birmənalı deyil. Əksər dövlətlər Ukraynaya yardım etmənin tərəfdarıdır, amma Avropa ictimai rəyində özəlliklə də siyasi kəsimlərdə bəzən elə qüvvələr var ki, onlar ümumiyyətlə Ukraynanı başlı-başına buraxmağın tərəfdarıdır. Yəni Rusiya ilə Ukraynanın bu müharibəsinə Avropanın qarışmamalı olduğunu iddia edirlər. Lakin bir şeyi unudurlar ki, Rusiya Ukraynada qalib gələcəyi təqdirdə növbəti hədəf Şərqi Avropa, onun ardından da Qərbi Avropa ola bilər. Yəni Rusiya elə bir zərərli dövlətdir ki, Ukraynada dayandırılmasa, mütləq irəli gedəcək. Bunu Avropanında anlaması lazımdır. Ukraynaya silah yardımının edilməsi əslində Rusiyanın əlini qolunu əməlli-başlı bağlamış olur, çünki Rusiya bütün dünyaya bəllidir ki, təcavüzkar bir dövlətdir. Müharibəsiz dayana bilmir. Özəlliklə də, yaxın qonşularına münasibətdə çox təcavüzkardır. Belə bir dövlətin başının Ukraynada müharibəyə qarışması əlbəttə ki, digər dövlətlər üçün faydalıdır, gərəklidir. Yəni demək istədiyim odur ki, Ukrayna müharibəsi əlbəttə ki, Ukraynanın günahından baş verməyibsə də, Rusiyanın başını qatmaq baxımından dəyərləndirilməlidir. Rusiya Ukraynada bataqlığa saplanıb, hərəkət edə bilmir. Təsəvvür edin ki, Rusiyanın başı Ukraynaya qarışmamış olsaydı, indi Azərbaycan daxil olmaqla Qazaxıstan, Ermənistan, başqa-başqa keçmiş sovet respublikalarının yəqin ki, çox ciddi problemləri olacaqdı. O baxımdan Ukraynaya silah yardımlarının davam etməsi bizim də maraqlarımıza uyğundur. Ukraynaya təkcə silah deyil, başqa yardımlar nə qədər edilərsə, bu Rusiyanın təcavüzkarlığını əngəlləməyə çox böyük fayda verə bilər”.
Həmçinin şərhçi qeyd edib ki, əlbəttə, biz heç nəyi istisna edə bilmərik:
“Rusiya ilə NATO arasında onsuz da qarşıdurma var. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatları NATO-nun bir nömrəli dövləti, üzv dövləti olaraq Rusiyaya münasibətdən nisbətən etibarlı davranır. Yerdə qalan dövlətlər, özəlliklə də aparıcı dövlətlər Rusiyaya münasibətdə heç də etibarlı deyillər. Hətta Rusiyaya qarşı sərt mövqedən çıxış edən dövlətlər də az deyil. O baxımdan mən düşünürəm ki, gələcəkdə deyil, elə indinin özündə də Rusiya-NATO qarşıdurması var. Rusiyanın təcavüzkarlığı artacağı təqdirdə NATO-nun da cavabları uyğun şəkildə olacaq. Yəni sərtlik artdıqca NATO-da sərt cavab verməli olacaq. Ona görə mən düşünürəm ki, Rusiyada əgər doğrudan da ağlı başında olan dövlət idarəçiləri hələ də qalırsa, onlar əslində Ukrayna müharibəsini bir an öncə bitirməyin qayğısına qalmalıdırlar. Əks təqdirdə bu müharibə daha böyük bir ocağa çevriləcək. Nəticə etibarilə NATO-da bu və ya digər şəkildə daha yaxından həmin müharibədə iştirak etməli olacaq. Bu isə Rusiyanın heç də xeyrinə deyil”.
Aytac İbrahimova