00:00:00
Yazar
Admin User
12.09.2025 18:25 95 2 dəq oxuma
Dünya

Rusiya və Belarus orduları birgə strateji təlimlərə start verib

Rusiya və Belarus orduları birgə strateji təlimlərə start verib

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər hər iki ölkənin poliqonlarında və Baltik və Barents dənizlərinin sularında keçiriləcək.

 

 

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov "İnformator.az"a açıqlamasında bildirib ki, bu təlimlərin əsas prinsiplərini isə Rusiya və Belarus hərbçiləri əvvəlcədən elan ediblər:

 

 

"Rusiya və Belarusun birgə keçirdiyi “Qərb-2025” hərbi təlimləri 4 ildən bir keçirilir. Bu təlimlərdə 13 min hərbçinin iştirak edəcəyi gözlənilir və əsas yük, təbii ki, Belarusun üzərinə düşəcək. “Qərb-2025” təlimlərində əsas məqsəd nüvə silahlarının və “Areşnik” raket sistemlərinin tətbiq planlarının sınaqdan keçirilməsidir. Söhbət real tətbiqdən getmir, tətbiq planlamasının yoxlanmasından gedir. Məlumdur ki, Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi barədə Rusiya qərar qəbul edib. Eyni zamanda “Areşnik” raket sistemləri də ilin sonuna qədər yerləşdiriləcək. Bu təbii ki, Qərb ölkələrini narahat edir. Bir yandan ona görə ki, Rusiya ilk dəfə öz ərazisindən kənarda nüvə silahları yerləşdirir, digər yandan isə Qərbin hələlik “Areşnik” sistemlərinə qarşı effektiv hava hücumundan müdafiə sistemi yoxdur, ən azı Rusiya belə iddia edir. Bu təlimlərin əsas prinsiplərini isə Rusiya və Belarus hərbçiləri əvvəlcədən elan ediblər. Yəni Rusiya və Belarus ətrafdakı Qərb dövlətlərini düşmən olaraq görür və onlara qarşı hərbi hazırlıqlarını nümayiş etdirmək niyyətindədirlər. Bu təlimlər vasitəsilə onlar hərbi güclərini göstərmək istəyirlər"

 

 

Eyni zamanda müsahib bildirib ki, ümumiyyətlə, bütün hərbi təlimlər bir növ güc nümayişidir və təbii ki, Qərb bu təlimlərdən ciddi narahatdır:

 

 

"Birincisi, hesab olunur ki, bu təlimlər kifayət qədər qapalı şəraitdə keçirilir, heç bir şəffaflıq və açıqlıq yoxdur. İkincisi, söhbət nüvə silahlarından gedir və bu da Qərbin narahat olmamasını mümkünsüz edir. Ən əsası isə, Rusiya-Belarus birgə təlimlərinin aqressiv xarakter daşıdığı açıq-aşkar görünür. Məhz bu səbəbdən Polşa Belarusla sərhədini bağlayıb və yalnız təlimlər başa çatdıqdan sonra sərhədi açacağını bildirib. “Qərb-2025” təlimləri ilə Rusiya ilk növbədə Qərbə güclü olduğunu mesaj verməyə çalışır. Bundan əlavə, bu mesaj Ukraynaya edilən yardımların azaldılması çağırışını da ehtiva edir. Rusiyanın Avropa ölkələrinə hücum təhlükəsi barədə Qərbdə uzun müddətdir danışılır və bu təlimlər həmin qorxuları bir qədər də artırıb. Qərb getdikcə, Rusiya qarşısında aciz olduğunu hiss edir. Bu acizliyin əsas səbəbi isə ABŞ-nin Avropanın təhlükəsizliyi ilə bağlı verdiyi vədlərə əməl etməməsidir. ABŞ faktiki olaraq, Avropanı Rusiya qarşısında tək qoyub. Yalnız indi Avropa anlayır ki, Rusiyanın hərbi gücü ilə təkbaşına qarşılaşmaq çox çətindir. Bu səbəbdən də Qərb, Ukrayna müharibəsini uzadaraq vaxt qazanmağa çalışır. “Qərb-2025” hərbi təlimləri Rusiyanın növbəti meydan oxuması, onun nə qədər aqressiv bir dövlət olduğunu göstərən daha bir nümunədir. Bu təkcə Qərb dövlətlərini deyil, bütün dünyanı düşündürməlidir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər