Rusiya zərbələri Aİ missiyasına ziyan vurub
Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində Avropa İttifaqının (Aİ) Kiyevdəki missiya binası zədələnib. Hadisə savaşın gedişatında beynəlxalq təşkilatlara aid obyektlərin də hədəfə alınmasının göstəricisi kimi qiymətləndirilir.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiyanın Ukrayna ərazisinə endirdiyi zərbələr arasında bir çox ölkələrin və beynəlxalq missiyaların yerləşdiyi binalar da olub:
"Savaşın ilk dövrlərində Xarkova edilən hücumlar nəticəsində zərər çəkən binalardan biri də Azərbaycanın oradakı konsulluğu idi. Bu savaş zamanı Rusiya heç zaman savaş hüquqlarına hörmət etməyib və apardığı əməliyyatlar çərçivəsində total savaş prinsiplərini tətbiq edir. Savaşın gedişatında çoxlu hərbi cinayətlər törədilib. Bu baxımdan, Avropa İttifaqının missiyasının binasının vurulması Avropa ölkələrində ciddi etirazlara səbəb olacaq, Rusiya qarşı qəzəb artacaq və nəticədə Ukraynanın dəstəklənməsi istiqamətində addımlar davam edəcək. Hesab edirəm ki, bu, xüsusi gərginlik yaradan məsələdir. Onsuz da Avropa İttifaqı, NATO və Rusiya bu addımları gözləyirdi. Rusiyanın atdığı bu addımlar gözlənilən hesab edilə bilər, amma düşünürəm ki, bu heç bir halda Avropa və NATO ölkələrini geri çəkilməyə sövq etməyəcək. Xüsusilə də Ukraynanın dəstəyində aparıcı rol oynayan ölkələr həm Ukraynanı müdafiə etməklə, həm də Avropanın təhlükəsizliyini qorumaqla öz mövqelərini gücləndirəcəklər".
Güllər Gülhüseynova