Rusiyada 2025-ci ilin payız çağırış
Rusiya Prezidenti Vladimir Putin, 2025-ci ilin payız çağırışı çərçivəsində 135 min nəfərin hərbi xidmətə çağırılmasına dair fərman imzalayıb. Bu, 2016-cı ildən bəri ən böyük payız çağırışıdır və 1 oktyabr – 31 dekabr 2025 tarixlərini əhatə edir. Çağırış yalnız ehtiyatda olmayan 18-30 yaş arası vətəndaşları əhatə edir.
Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn “İnformator.az”a bildirib ki, politoloq Vaqif Hüseyn “İnformator.az”a bildirib ki, Rusiyanın 2025-ci ilin payız çağırışı ölkədə təəccüb doğurmur və Moskvanın hərbi strategiyasının tipik bir təzahürüdür:
“Rusiya hər bir məsələyə ekstentiv, yəni geniş və sərt yanaşma nümayiş etdirir. Müharibədə yeni texnologiyalarla üstünlük qazanmaq əvəzinə, Moskva insan resurslarından maksimum şəkildə istifadə etmə taktikasını tətbiq edir. Bu isə böyük insan itkisi və əhalidə psixoloji təzyiq yaradır, eyni zamanda düşmən tərəfdə qorxu və təlaş hissi formalaşdırır. Rusiya üçün enerji və insan resursları Ukrayna ilə uzunmüddətli müharibəni davam etdirmək üçün əsas amillərdir. Bu yanaşma Putinin müharibəyə baxışını göstərir. Kremlin mövqeyi dəyişməz olaraq qalır: Rusiya savaşı axıra qədər davam etdirməyə qərarlıdır. Əgər beynəlxalq cəmiyyət və ya tərəfdaşlar zamanında daha qətiyyətli diplomatik və hərbi müdaxilələr göstərsəydi, Rusiya bu müharibədən geri çəkilmək kimi bir davranış sərgiləyə bilərdi. Lakin indiki vəziyyətdə Moskvanın strategiyası həm Ukraynada döyüş meydanında, həm də daxili siyasi və sosial səviyyədə genişmiqyaslı təsir yaratmaq üzərində qurulub. Bu çağırış Rusiya üçün yalnız hərbi ehtiyac deyil, həm də daxili siyasət üçün vasitədir: gənc nəsil arasında disiplin və milli ideologiyanın gücləndirilməsi, eləcə də müharibəyə dəstək göstərilməsi baxımından vacibdir. Bu vəziyyət həm regionda, həm də beynəlxalq aləmdə sabitliyi təhdid edir, çünki Rusiya hərbi resurslarını artırmaqla Ukrayna ilə münaqişəni uzatma və gərginliyi saxlama siyasətini davam etdirir”.
Fatimə Hüseynli
