Rusiyadan İrana addım: Hərbi dəstək göstərmək məcburiyyətində deyilik!
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko, İranla imzalanan strateji tərəfdaşlıq sazişinin qarşılıqlı hərbi yardımlaşmanı əhatə etmədiyini bildirərək, Rusiyanın İrana hərbi dəstək göstərmək məcburiyyətində olmadığını vurğulayıb və ABŞ-İran arasında yaşanan gərginliklə bağlı önəmli açıqlamalar verib.
Rusiya parlamentinin aşağı palatası Dövlət Dumasında İranla imzalanan strateji sazişin məzmununa toxunan Rudenko, Rusiyanın İrana hərbi dəstək vermədiyini vurğulayaraq, “Rusiya, İrana hərbi dəstək göstərmək məcburiyyətində deyil”, – deyə bildirib.
İRAN VƏ ABŞ MÜHARİBƏ APARARSA…
İran ilə ABŞ arasında müharibə ehtimalını qiymətləndirən Rudenko, bu cür ssenaridən qaçınılmasının vacibliyini qeyd edərək, “Çünki belə bir ssenari bütün region üçün dəhşətli nəticələr doğura bilər. Rusiya, yeni bir böhranın həll prosesinə cəlb olunmaq istəmir. Amma buna baxmayaraq, belə bir ehtimal mövcuddur. Hökumətimiz bu məsələdə nə etmək lazımdırsa, onu edəcək”, – deyə danışıb.
Rudenko, Moskvanın ABŞ ilə İran arasında danışıqlara dəstək göstərməyə hazır olduğunu da qeyd edib.
“HƏMİN SAZİŞ HƏRBİ İTTİFAQI ƏHATƏ ETMİR”
Rusiya ilə İran arasında imzalanan genişmiqyaslı strateji tərəfdaşlıq sazişi haqqında danışan Rudenko bildirib: “Bu saziş İranla hərbi ittifaq qurulmasını və qarşılıqlı hərbi yardımı nəzərdə tutmur. Sazişdə yalnız belə bir maddə var: əgər Rusiya və ya İran hücuma məruz qalarsa, hücum edən ölkəyə qarşı hərbi dəstək verilməyəcək. Bu səbəbdən belə bir ssenari gerçəkləşərsə, Rusiya, İrana hərbi dəstək göstərmək məcburiyyətində deyil”.
Digər tərəfdən, Rusiya Dövlət Duması, Rusiya ilə İran arasında imzalanan genişmiqyaslı strateji tərəfdaşlıq sazişini təsdiqləyib. Rusiya Prezidenti Vladimir Putin ilə İran Prezidenti Məsud Pəzeşkiyan, iki ölkə arasında genişmiqyaslı strateji tərəfdaşlıq quran həmin sazişi 17 yanvarda imzalayıb.
A haber
Günel Verdiyeva