Rusiyadan "Taxıl sazişi zərbəsi"
Rusiya bu gün "Taxıl sazişi"dən çıxdığını bəyan edib.
İnformator.az xəbər verir ki, Rusiya Qara dənizin şimal-qərbində gəmiçiliyin təhlükəsizliyinə dair zəmanətləri geri götürür və humanitar dəhlizi bağlayır. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Bundan başqa ölkə Qara dənizin şimal-qərbində gəmiçiliyin təhlükəsizliyinə dair verdiyi zəmanətləri geri götürür və humanitar dəhlizi bağlayır. Beləliklə də, bölgədə müvəqqəti təhlükəli ərazi rejimini bərpa edilir. İstanbulda fəaliyyət göstərən birgə Koordinasiya Mərkəzi isə iyulun 18-dən etibarən buraxılır. Bildirilib ki, İstanbul razılaşmalarının şərtlərinin yerinə yetirilməməsi şəraitində humanitar təyinatını doğrultmayan təşəbbüsün davam etdirilməsi mənasızdır. Rusiya vədlər və təminatlar deyil, yalnız konkret nəticələr əldə edildikdən sonra sazişin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacağını qeyd edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustda Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşəcəyi zaman taxıl sazişinin müddətinin uzadılması məsələsini yenidən müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə, Putin də razılaşmanın uzadılmasını istəyir.
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Rusiyanı aclıqdan siyasi məqsədləri üçün istifadə etməkdə günahlandırıb. “Təəssüflə demək istəyirəm ki, bu gün Rusiya müqaviləni uzatmaqdan imtina etdi və bu, dünyada bir çox insan üçün problemlər yaradacaq. Biz öz tərəfimizdən Ukrayna taxılını ona ehtiyacı olan insanlara çatdırmaq üçün həmrəylik zolağımız vasitəsilə əlimizdən gələni edəcəyik. Qərarına görə Rusiyanı günahlandırmalıyam. Çünki bu tamamilə əsassızdır və onlar aclıqdan silah kimi istifadə edirlər” sitatın sonu.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Rusiyanın qərarından təəssüfləndiyini deyib. O, BMT Baş katibinin sazişin müddətinin uzadılması istiqamətində gördüyü səyləri dəstəklədiklərini vurğulayıb. Sitat – “Gəlin açıq danışaq. Antonio Quterreşin təşəbbüsü ilə razılaşdırılmış Qara dəniz taxıl müqaviləsi, xüsusən də həssas ölkələr üçün çox vacibdir. Çünki Avropa həmrəylik zolaqları ilə birlikdə bu saziş həmin ölkələrin ehtiyacı olan taxıl və gübrəyə çıxışını təmin etməyə kömək edir. Quterreşin razılaşmanın davamlılığını qorumaq üçün göstərdiyi bütün səylərini tam dəstəkləyirik. Avropa İttifaqının Ukraynaya dəstəyi sarsılmazdır.
Almaniya Ukraynadan taxılın Afrika, Yaxın Şərq və Asiya ölkələrinə ixracına imkan verən sazişin dayandırılmasından sonra aclığın artacağından və bahalaşan ərzaq qiymətlərinin daha çox insanı yoxsulluğa sürükləyəcəyindən narahatdır. Buna görə də ölkə Rusiyaya müraciət ünvanlayıb. Almaniya hökumətinin mətbuat katibi Kristian Hoffman bu barədə məlumat verib. Onun sözlərinə görə, taxıl sazişinin müddətini uzatması və münaqişəni planetin ən yoxsullarının çiyinlərinə yükləməməsi üçün Rusiyaya müraciət edilib. Gələcəkdə bu taxıl sazişlərinin davamlı olaraq müvəqqəti və ya qısa müddətli əsaslarla razılaşdırmağın mümkün olmayacağını bildiklərini deyən Hoffman uzun müddətə Ukraynadan taxıl və gübrə ixracının mümkün olacağına ümid etdiklərin də vurğulayıb. Rabobank-ın kənd təsərrüfatı malları üzrə tədqiqat rəhbəri Karlos Mera isə bildirib ki, müqavilənin ləğvi buğdanın qiymətlərini artıracaq.
İsmayıl
