“Rusiyanın geri çəkilməyə məcbur edilməsi artıq labüd xarakter alan şərtlərdən biridir“
ABŞ hesab edir ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ölkələr arasında münaqişəni dayandırmağa hazır deyillər.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları başda olmaqla qlobal sisteminin əsas faktorları bu gün Rusiya Ukrayna müharibəsinin bitməsini hədəfləyib:
“Amma paralel olaraq da müharibənin Rusiyanın zəiflədilmiş formada müharibədən çıxması istiqamətində bitməsi onların əsas hədəflərindən biridir. Amma təəssüflər olsun ki, real şərait buna uyğun deyil. Rusiya həm hərbi cəbhədə, həm də diplomatik cəbhədə bir çox istiqamətdə hücum taktikasından istifadə edir və bu taktikanın əsas hədəfi də Ukraynanın işğal olunmuş ərazilərinin tam nəzarəti altında saxlanılması və müharibənin başlanma səbəbi deyə ortaya qoyulan səbəblərin qlobal sistemin bütün aktorları tərəfindən qəbul edilməsi istiqamətindədir ki, bu da Ukraynanın Suverenliyinin tamamilə itirilməsi və parçalanmasına gətirib çıxaran nəticələri özündə ehtiva edir. Belə olan halda təbii ki, ABŞ müharibənin bitməsinə hazır deyil. Avropa İttifaqı Avropa məkanında olan güc mərkəzləri də müharibənin bitməsini istəmirlər. Amma real şəraitin dəyişməsi ya da müharibənin uzanması hansı istiqamətdə Ukraynanın mövqeyinin güclənməsinə təsir edə bilər, ya da ki, maraqların təmin olunması istiqamətində Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün itirilməməsinə gətirib çıxara bilər. Çox təəssüf ki, üç ildən artıq davam edən müharibənin gedişatında Rusiyaya münasibəti, kifayət qədər yumşaq mövqeyi nümayiş etdirilməsi və həmrəyliyin olmaması Ukraynanın indiki vəziyyətdə ərazisinin böyük bir hissəsinin işğal olunmasından və diplomatik masada Putinin şərtlərini diktə etməsinə gətirib çıxaran ən önəmli nəticələrdir. Ukraynaya maliyyə yardımları, hərbi yardımlar müşahidə olunub”.
Şərhçi həmçinin qeyd edib ki, Ukraynaya sanksiyaların tətbiq olunması ilə bağlı müəyyən qərarlar qəbul olunub:
“Amma sanksiyaların sərtləşdirilmiş formada tətbiq olunmaması, Rusiyanın sanksiyalardan yayınmasına göz yumulması, eyni zamanda Ukraynaya insan resursu baxımından da dəstəyin verilməməsi müharibənin gedişatında Rusiyanın daha güclü mövqeyə gəlib çıxmasına gətirib çıxaran ən əsas amillərdir. Çünki biz bilirik ki, Rusiya uzun müddətdir ki, müharibəyə artıq muzdluları cəlb edir. Amma Ukrayna isə döyüşçü qüvvəsinin, yəni insan resursunun tükəndiyi aydın şəkildə müşahidə olunur. Fərqli mərhələlərdə Avropa dövlətləri bu istiqamətdə qərar qəbul etməklə bağlı vədlər səsləndirilsə də, hələ də bu vədlərin yerinə yetirilməsi ilə bağlı real addım atılmayıb. Ona görə də müharibənin uzadılması və müəyyən bir dövr ərzində Rusiyanın geri çəkilməyə məcbur edilməsi artıq labüd xarakter alan şərtlərdən biridir. Belə olan halda ancaq masa arxasında Ukraynanın maraqlarının təmin olunması istiqamətində Avropanın və Amerika Birləşmiş Ştatlarının Rusiyaya təsir mexanizmlərindən istifadə edə biləcəyini görə bilərik. Bu, yaxın gələcəkdə mümkün ola biləcəkmi? Təbii ki, atılacaq real addımlar kontekstində biz bunu dəyərləndirə bilərik. Əgər Amerika Birləşmiş Ştatları və Avropa dövlətləri Ukraynanın mövqeyinin müdafiə olunması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirsələr, biz yaxın gələcəkdə artıq Ukraynanın suverenliyinin və gələcəyinin xilas olunması istiqamətində hər hansı bir real nəticələri müşahidə edə bilərik, əks halda Ukraynanın parçalanması qaçınılmazdır”.
Aysel Mirzəyeva