00:00:00
Yazar
Admin User
02.10.2025 16:49 120 2 dəq oxuma
Siyasət

“Rusiyanın Qərbi Afrika ölkələrində nüfuzu əhəmiyyətli dərəcədə artıb”

“Rusiyanın Qərbi Afrika ölkələrində nüfuzu əhəmiyyətli dərəcədə artıb”

ABŞ Afrikanın bir sıra dövlətləri ilə diplomatik danışıqlar apararaq Rusiyanın bölgədə artan təsirini zəiflətməyə çalışır. Bu addım qlobal güclər arasında Afrika uğrunda rəqabətin yeni mərhələsini göstərir və regionun strateji əhəmiyyətini bir daha önə çıxarır.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, son iki il ərzində Rusiyanın Qərbi Afrika ölkələrində nüfuzu əhəmiyyətli dərəcədə artıb:

 

“Mali, Çad, Niger, Burkina Faso və Nigeriya kimi keçmiş Fransız koloniyalarında Rusiyanın təsiri sürətlə genişlənir. Bu ölkələrdə bəzi hallarda hərbi çevrilişlər baş verib və Rusiyanın bu proseslərdə rolu müəyyən səviyyədə müşahidə olunur. Bu ölkələrin liderlərinin Rusiyanın rəsmi tədbirlərində iştirakı Moskvanın regional nüfuzunu artırmaq üçün həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. Rusiya yeni nüfuz dairələri formalaşdırmaqla Şərqi Avropa, Qafqaz və digər regionlarda itirdiyi təsiri kompensasiya etməyə çalışır. Afrika regionu xüsusilə də Qərbi Afrika bunun üçün strateji baxımdan əlverişlidir. Region həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan önəmlidir. Burada geniş təbii sərvətlər mövcuddur, o cümlədən uran ehtiyatları, hansılar ki, Rusiya üçün həm hərbi, həm də enerji sahəsində strateji əhəmiyyət daşıyır.


Həmçinin şərhçi qeyd edib ki, ABŞ Afrikadakı Rusiya fəallığından ciddi narahatdır və regiondakı təsirini gücləndirmək üçün diplomatik və strateji addımlar atır:

 

“ABŞ üçün Afrikanın iqtisadi potensialı və canlı qüvvə ehtiyatı regionun vacibliyini artırır. O qeyd edib ki, ABŞ Afrikada yalnız Rusiya təsirini məhdudlaşdırmaqla kifayətlənmir, həm də region ölkələrinin siyasi proseslərinə öz nüfuzunu artırmaq və yeni strateji tərəfdaşlar yaratmaq niyyətindədir. Afrikada bu rəqabət yeni siyasi inqilablar və etiraz hərəkatları üçün münbit şərait yarada bilər. Z nəsli faktiki olaraq yeni inqilabçı tendensiyalar formalaşdırır. Bu tendensiyalar Nepal və Madaqaskarda özünü göstərən, Afrikada isə Kenyada və Tanzaniyada baş verən etiraz və çevriliş cəhdləri bunun nümunəsidir. ABŞ bu prosesləri diqqətlə izləyir və regionda öz təsirini artırmaq, potensial yeni liderləri öz orbitinə daxil etmək üçün strateji addımlar atır. ABŞ və Rusiya arasındakı rəqabət yalnız Afrikada müstəqil bir hadisə kimi qiymətləndirilməməlidir. Bu, qlobal balansın, o cümlədən Rusiya-Ukrayna müharibəsinin strateji nəticələrinin formalaşmasında mühüm rol oynayır. Afrikadakı qarşıdurma, həmçinin qlobal enerji, təhlükəsizlik və ticarət siyasətinə təsir edə bilər. ABŞ Afrikada fəaliyyətini artırmaqla regionun potensialını öz maraqları çərçivəsində yönləndirməyə çalışır və Rusiyanın təsirini minimuma endirməyə çalışır. ABŞ və Rusiya arasındakı rəqabət yalnız qısa müddətli deyil, uzunmüddətli geosiyasi planların bir hissəsidir. Hər iki ölkə bölgədə tərəfdaşlarını möhkəmləndirməyə çalışır, strateji mövqelər əldə edir və regiondakı enerji və təhlükəsizlik maraqlarını öz nəzarətində saxlamağa çalışır. Bu baxımdan, Afrikada baş verən proseslər yalnız regional yox, qlobal siyasətin də əhəmiyyətli göstəricisidir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər