Rusiyanın vəhşilikləri cəzasız qalmayacaq
Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində yazıb ki, Finlandiya Ukraynanın xahişi ilə sentyabrın 9-da ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb.
"Biz bütün beynəlxalq forumlarda Rusiyaya beynəlxalq təzyiqləri artırmaq üçün fəal işləyirik", - deyə Sibiqa bildirib.
Nazirin sözlərinə görə, bu görüş Rusiyanın son zamanlar çoxsaylı mülki əhalinin tələfatına və dağıntılarına səbəb olan kütləvi hücumlarına cavab olacaq.
"Rusiyanın vəhşilikləri cəzasız qalmayacaq. Yalnız təcavüzkara qarşı qəti və ardıcıl təzyiq, o cümlədən sərt sanksiyalar Moskvanı diplomatiya imitasiyasını dayandırmağa və təcavüzkar müharibəyə son qoymağa yönəlmiş real səyləri birləşdirməyə məcbur edə bilər”,- deyə nazir vurğulayıb.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, bütün bunların müharibənin dayanmasına və yaxud da Rusiyanın geri çəkilməsinə səbəb olacağını düşünmək çətindir:
“ATƏT də daxil olmaqla, beynəlxalq strukturlarda Rusiyaya qarşı, Rusiyanın Ukraynaya hücumları ilə bağlı keçirilən iclaslar və yaxud da verilən qərarlar heç bir effektiv xarakter daşımır. Nəinki ATƏT, hətta BMT-də belə indiyə qədər bununla bağlı zaman-zaman müzakirələr keçirilib. Amma bütün bunlar yalnız ritorik müstəvidə çağırışların edilməsi, Rusiyanın işğalçı müharibəsinin pislənməsi ilə bağlı bəyanatların söylənməsindən başqa heç bir nəticə əldə edilməyib. Təbii ki, bu, beynəlxalq müstəvidə beynəlxalq ictimaiyyətin Ukraynanı dəstəkləməsi baxımından önəmlidir. O cümlədən Ukrayna çalışır ki, bu cür beynəlxalq ictimaiyyəti öz ətrafında birləşdirməklə Rusiyanın işğalçı müharibəsinə qarşı müqavimətini gücləndirsin. Yəni diplomatik baxımdan Ukrayna bundan ən azı dəstək əldə edir. Amma bütün bunların müharibənin dayanmasına və yaxud da Rusiyanın geri çəkilməsinə səbəb olacağını düşünmək çətindir. Faktiki olaraq bunlar heç bir nəticə vermir. O cümlədən Rusiyaya qarşı təzyiqlər də heç bir effekt vermir. Rusiyaya beynəlxalq müstəvidə təzyiqlər etməklə, Rusiyaya qarşı cəbhənin formalaşdırılması ilə Rusiyanı dayandırmaq çətindir. Əslində müharibə başladıqdan sonra Rusiyanın qarşısının alınması üçün iki mümkün variant var idi. Birincisi, sanksiyaların tətbiqi idi. Qərb dünyası geniş ölçüdə sanksiyalar tətbiq etsə də, hətta böyük şirkətlər Rusiyadan çıxsa da Rusiya geri çəkilmir və heç də Rusiyanın iqtisadiyyatı tam çökmür. Rusiya məhv olmur. Rusiya bu prosesdə itirdiyi bazarların yeniləri ilə əvəzlənməsi, o cümlədən sanksiyalara qarşı iqtisadi dayanıqlılığını gücləndirmək, çətinliklərin həll edilməsi ilə bağlı müxtəlif yollar fikirləşib tapır. Yəni Rusiya, təbii ki, böyük iqtisadi çətinliklərlə üzləşib, iqtisadi itkilərlə üzləşib. Amma bu Rusiyanın çöküşünə gətirib çıxarmır. Bunun özü də göstərir ki, bundan sonrakı dövrdə sanksiyaların tətbiqi də Rusiyanı dayandırmayacaq. İkinci variant isə Ukraynanın silahlandırılması və Rusiyaya qarşı döyüşməsini təmin etmək idi. Qərb dünyası bunu sona qədər etməyə çalışıb, edib”.
Politoloq qeyd edib ki, Rusiya qoşunları addım-addım da olsa, Ukrayna torpaqlarının işğalını davam etdirir:
“Avropanın əsas məqsədi Ukrayna müharibəsinin Ukrayna sərhədlərini aşmaması, NATO-nun prosesə qoşulmamasını təmin etmək idi. Avropa bu prosesdə həm də öz təhlükəsizliyini düşünürdü. Amma Ukraynanın silahlandırılması Rusiyanın irəliləməsinin qarşısını müəyyən qədər aldı. Rusiyaya qarşı Ukraynanın müqavimətini gücləndirdi. Amma nəticə etibarilə Rusiyanı geri çəkilməyə məcbur edə bilmədi. Statistika göstərir ki, Rusiya son bir il ərzində daha çox ərazi işğal etməyə başlayıb və intensivlik azalsa belə, addım-addım da olsa, Rusiya qoşunları Ukrayna torpaqlarının işğalını davam etdirir. Bu prosesdə Ukrayna əldə etdiyi silahlarla həm öz ərazilərinin qorunması, həm də Rusiya qoşunlarının qarşısının alınmasında müqavimətini gücləndirdi. O cümlədən Rusiyanın dərinliklərinə doğru müəyyən əməliyyatlar keçirməklə Rusiyaya zərbələr vurdu. Amma nəticə etibarilə yenə də bu Rusiyanı dayandırmır və hesab edirəm ki, bundan sonrakı müddətdə də dayandırılacağı ehtimalı çətin görünür. Hətta Tramp administrasiyası bu gün Rusiyanı ən ağır sanksiyalarla təhdid etsə belə, bu sanksiyaların tətbiq ediləcəyinin özü belə sual altındadır. Çünki məlumatlar var ki, Tramp Ukrayna məsələsində Rusiya ilə müzakirə aparıb. Mövqelər toqquşsa da, arxa fonda müəyyən enerji müstəvisində pərdəarxası danışıqlar aparılır. Bugünkü vəziyyət Rusiya üçün müharibənin başladığı ilk dövrlə müqayisədə daha sərfəli görünür. Bayden dövründə Amerika və Avropa Rusiyaya qarşı eyni cəbhədən çıxış edirdi. Amma bu gün Trampın dövründə daha fərqlidir və bu da Ukraynanın mövqeyini zəiflədən əsas amillərdən biridir. Ən əsası odur ki, müharibə başladığı ilk dövrdə müzakirə masasında nələr var idisə, bu gün yenə eyni şeylər təkrarlanır. Müharibənin başlanmasından bir müddət sonra Rusiya Kiyev ətrafından geri çəkildi və İstanbul danışıqları keçirildi. Həmin danışıqlarda Rusiyanın tələbləri müzakirə olunurdu. Donbasın Rusiyanın nəzarətində tanınması və digər şərtlər var idi. Müharibədən üç il keçib, böyük qırğınlar baş verib, böyük itkilər olub. Bu gün yenə eyni məsələlər müzakirə olunur. Yəni Trampın təşkil etdiyi Rusiya-Ukrayna danışıqlarında yenə Rusiyanın tələbləri müzakirə olunur. Yəni bunun özü belə göstərir ki, artıq müharibənin davam etdirilməsinin belə bütün bu nəticəni dəyişdirəcəyi sual altındadır. Yəni bu baxımdan hesab etmirəm ki, Rusiyaya qarşı beynəlxalq təzyiq, o cümlədən müxtəlif təşkilatların, strukturların qəbul etdiyi qərarlar, həmçinin sanksiyaların tətbiqi bu prosesdə müharibənin dayanmasına, Rusiyanın işğal etdiyi Ukrayna torpaqlarından çıxmasına gətirib çıxaracaq. Yəni zaman keçdikcə bu ehtimal daha da zəifləməyə başlayıb”.
Lalə Qurbanlı