Rusiyaya güzəşt tələbi yeni risklər yaradıb
Ukrayna Prezidenti Vladimir Zelenski ötən həftə yeddi Avropa lideri ilə birlikdə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Alyaska görüşünün iflasa uğradığı artıq aydın görünür:
"Tramp-Putin razılaşmaları pozulub, çünki Rusiya öhdəliklərini yerinə yetirməkdən yayınır. Ağ Ev də anlayır ki, Moskva ilə danışıqlar mənasızdır. Kreml sülh adı altında Ukraynanın, ABŞ-nin və NATO ölkələrinin kapitulyasiya aktına bənzər şərtlər irəli sürür. Buna görə də görüş nəticəsiz qalıb. Hazırda situasiya Ukraynanın xeyrinə dəyişir. ABŞ prezidenti Donald Tramp Ukraynaya ciddi dəstək niyyətini göstərir və Rusiyaya iki həftəlik möhlət verir. Bu müddətdə atəşkəs və ya sülh razılaşması əldə olunmasa, Rusiya yeni dağıdıcı sanksiyalarla üzləşəcək. Bu, Moskvanın iqtisadiyyatı üçün ağır zərbə olacaq.Bundan əlavə, Tramp Ukraynaya ən müasir hücum silahları vermək niyyətini ortaya qoyub. Silah tədarükü başlayıb və bu, Rusiya üçün təhlükəli prosesin başlanğıcıdır. Çünki Moskvanın resursları tükənmək üzrədir. Əgər Ukrayna bu silahlara sahib olsa, Rusiyanın dərinliklərinə zərbələr daha effektiv olacaq. Bu isə Kremlin mövqelərini zəiflədəcək. Ukrayna və NATO ölkələri ərazi güzəştinə qarşı çıxır, bu da Rusiyanın istədiyi nəticəni mümkünsüz edir. Artıq Kremlin mövqelərində müəyyən geriləmə hiss olunur. Rusiya işğal etdiyi əraziləri əlində saxlamaq imkanına da şübhə etməyə başlayır.Moskva genişmiqyaslı səfərbərlikdən çəkinir, hərbi itkilər artır. Bu vəziyyət Rusiyanı geri çəkilməyə məcbur edə bilər. Amma Kreml aqressiv ton saxlayır. Putin nüvə obyektində alimlərlə qapalı toplantı keçirərək Qərbə mesaj göndərib. Məqsəd ABŞ və Avropa Birliyini yeni sanksiyalardan çəkindirməkdir. Tramp isə cavab olaraq iki nüvə sualtı qayığını Rusiyaya yaxın ərazilərə yerləşdirib. Bu addım Vaşinqtonun nüvə təhdidindən qorxmadığını göstərir. Beləliklə, Tramp-Putin razılaşmaları pozulub, Alyaska görüşü nəticəsiz qalıb. İndi ABŞ və Avropa Birliyi Ukraynaya daha çox silah verəcək, Rusiyaya isə yeni sanksiyalar tətbiq olunacaq. Bu, Moskva üçün daha ağır mərhələnin başlanğıcı ola bilər".
Qəmər Kazımzadə