Ruslara hörmət bizim üçün önəmlidir
Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyada qanunlara tabe olan azərbaycanlılara hörmət olunur və Moskva, Azərbaycanda ruslara hörmət göstərilməsini önəmli hesab edir. O, Azərbaycanda yaşayan rus icmasının hüquqlarının qorunmasının vacibliyini vurğulayıb. Statistikalara görə, əhalinin cəmi 1 faizini təşkil etməsinə baxmayaraq, Bakıda rus dilində danışanların sayı kifayət qədər çoxdur.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, bu bəyanatlarının arxasında Rusiyanın məkrli planları dayanır:
"Yəni, Rus xalqının nümayəndələrinin bu və ya digər ölkələrdə hüquqlarının müdafiəsi adı altında Rusiya həmin dövlətlərin daxili işlərinə qarışmağa çalışır və bu proseslər göz önündə baş verir. Əvvəllər də belə olub, indi də davam edir. Məsələn, Ukraynada yaşayan rusdilli vətəndaşlara Rusiya pasportlarının verilməsi, Moldovada və digər ölkələrdə eyni praktikanın tətbiqi, yaxud rusdilli əhalinin hüquqlarının müdafiəsi adı ilə müxtəlif müdaxilələrin edilməsi buna nümunədir. İndi isə bu klassik ssenarini Azərbaycana qarşı da tətbiq etməyə çalışırlar. Bildiyiniz kimi, əvvəllər Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın səfəri zamanı dəfələrlə qeyd edib ki, Azərbaycan postsovet məkanında Rus dilinə ən böyük hörmətin göstərildiyi ölkələrdən biridir. Azərbaycan xalqının böyük bir hissəsi rus dilində danışır, rus bölmələri olan orta məktəblər və ali təhsil müəssisələri bu gün də fəaliyyət göstərir və MDB ölkələri arasında bu sahədə öncül yerlərdən birini tutur. Bəs indi nə baş verdi ki, Rusiya birdən-birə Azərbaycana münasibətini 180 dərəcə dəyişdi? Bu, Azərbaycanın Rusiyadan beynəlxalq hüquq normalarına riayət etməsini tələb etməsi ilə bağlıdır. Xüsusilə də, Rusiya ərazisindən Azərbaycanın şimal bölgəsinə – Qroznı istiqamətindən – dron hücumu təşkil edildikdən sonra bu proses başlayıb. Təbii ki, Rusiyanın bu məkrli planları Azərbaycanda uğur qazanmayacaq. Azərbaycan qonşu dövlətlərlə beynəlxalq hüquq normaları çərçivəsində münasibətlərini qurur və bu prinsiplərə sadiq qalaraq həm Rusiya, həm də digər ölkələrlə əlaqələrini davam etdirmək niyyətindədir. Rusiya isə bu cür siyasətlə təkcə Azərbaycanda deyil, Qazaxıstanda, Ermənistanda və Gürcüstanda da nüfuzunu itirməkdə davam edəcək. Yaxın gələcəkdə isə biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Gömrük İttifaqının və Avrasiya İqtisadi Birliyinin dağılmasının şahidi ola bilərik".
Gülhüseynova Güllər