Rusya Kirk’in qətli ilə bağlı dezinformasiya yaymaqda ittihamları rədd edir
“Rusiya digər dövlətlərin, o cümlədən ABŞ-ın daxili işlərinə qarışmır və qarışmaq niyyətində də deyil” – deyə Rusiya səfirliyinin nümayəndəsi Andrey Bondarev vurğulayıb.
ABŞ-dakı Rusiya səfirliyi Moskvanın amerikalı mühafizəkar fəal Çarli Kirk-in qətli ilə bağlı dezinformasiya yayması barədə ittihamları rədd edib.
“Biz hesab edirik ki, bu faciədən anti-Rusiya isteriyasını qızışdırmaq üçün bəhanə kimi istifadə olunması qəbuledilməzdir" – Associated Press-in yaydığı məlumata görə, səfirlik nümayəndəsi Andrey Bondarev belə deyib.
O, həmçinin vurğulayıb ki: “Rusiya digər dövlətlərin, o cümlədən ABŞ-ın daxili işlərinə qarışmır və qarışmaq niyyətində də deyil.”
Associated Press daha əvvəl iddia etmişdi ki, guya Rusiya, Çin və İrandan olan botlar Kirk-in qətli ilə bağlı sosial şəbəkələrdə dezinformasiya yayıb. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian isə 12 sentyabrda bildirib ki, Kirk-in qətli Çinə qarşı böhtan xarakterli siyasi ritorikada istifadə olunmamalıdır.
31 yaşlı Kirk 10 sentyabrda Yuta ştatının Orem şəhərində universitetdə çıxışı zamanı güllələnərək öldürülüb. Fəal Donald Trampın tərəfdarı idi və Associated Press-in məlumatına görə, onun son prezident seçkilərindəki qələbəsinə ciddi töhfə verilib. Kirk dəfələrlə ABŞ-ın Ukraynaya hərbi yardımına qarşı çıxış edib.
Qətldə şübhəli bilinən 22 yaşlı Tayler Robinson 11 sentyabr axşamı saxlanılıb. O, atasının polisə təslim etməsi ilə ələ keçib. Ata bildirib ki, oğlu törətdiyi əməli ona etiraf edib. ABŞ Prezidenti Donald Tramp Robinsonun mühakimə olunaraq edama məhkum ediləcəyinə ümid etdiyini deyib. Yuta qubernatoru Spenser Koks isə Robinsonun təkbaşına hərəkət etdiyini güman edib.
16 sentyabrda Robinsona rəsmi olaraq yeddi maddə üzrə ittiham irəli sürülüb. Birinci maddə ağırlaşdırılmış qətl, ikinci isə ağır bədən xəsarəti yetirməklə odlu silahdan istifadədir. O, həmçinin cinayətdən sonra silahı gizlətməyə və paltarını dəyişməyə cəhd etdiyi üçün iki dəfə ədalətə maneə törətməkdə, şahidlərə təzyiq göstərməkdə və uşağın gözü qarşısında zorakı cinayət törətməkdə də ittiham olunub.
Tass
Arzu İbrahimova