00:00:00
Yazar
Aysel Mirzəyeva
16.03.2026 19:28 30 2 dəq oxuma
Siyasət

“Səcil” və “Xürrəmşəhr” raketləri ilə İran regiona hansı mesajı verir?

“Səcil” və “Xürrəmşəhr” raketləri ilə İran regiona hansı mesajı verir?

SEPAH  "Gerçək vəd 4” əməliyyatı çərçivəsində İsrailə qarşı 54-cü raket zərbələri dalğasını həyata keçirib. SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi yeni zərbələr dalğasında iki tonluq döyüş başlığı ilə təchiz olunmuş “Xürrəmşəhr” superağır raketləri, eləcə də “Xeybərşikən”, “Qədr” və “İmad” raketlərinin buraxıldığını elan edib. Eyni zamanda, “Gerçək vəd 4” əməliyyatı zamanı ilk dəfə olaraq strateji bərk yanacaqlı “Səcil” raketi atılıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, bu əməliyyat çərçivəsində İsrailə qarşı ağır ballistik raketlərin istifadəsi Yaxın Şərqdə hərbi balansın yeni mərhələyə daxil olduğunu göstərir:

 

“İranın uzaqmənzilli və ağır döyüş başlıqlı raketləri tətbiq etməsi regionda strateji çəkindiricilik siyasətinin gücləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilə bilər. Bu tip ağır ballistik raketlərin istifadəsi Yaxın Şərqdə qüvvələr balansına psixoloji və hərbi təsir göstərir. İran bu addımla özünün yalnız regional aktor deyil, həm də strateji raket potensialına malik dövlət olduğunu nümayiş etdirməyə çalışır. İki tona qədər döyüş başlığı daşıya bilən raketlərin istifadəsi İranın uzaqmənzilli zərbə imkanlarının ciddi olduğunu göstərir. Bu, region ölkələrinin təhlükəsizlik hesablamalarına birbaşa təsir edir. Belə silahların tətbiqi, əslində, İranın qarşı tərəfə “münaqişənin genişlənməsi halında zərbə imkanları daha böyükdür” mesajını verməsi deməkdir”.

 

Polad Mehdiyev qeyd edib ki, bu raket zərbələri İsrailin təhlükəsizlik strategiyasında müəyyən korrektələrə səbəb ola bilər:

 

“İsrail uzun illərdir çoxsəviyyəli raketdən müdafiə sistemi qurub. Lakin ağır ballistik raketlərin və böyük döyüş başlıqlarının tətbiqi bu sistemlərin yüklənmə riskini artırır. Bu səbəbdən İsrail yaxın dövrdə hava və raketdən müdafiə sistemlərini daha da gücləndirməyə, erkən xəbərdarlıq sistemlərini genişləndirməyə və ehtimal ki, preventiv zərbə strategiyasını daha aktiv tətbiq etməyə çalışa bilər. Ümumilikdə bu hadisə göstərir ki, İran və İsrail arasında qarşıdurma artıq yalnız proksi qüvvələr səviyyəsində deyil, birbaşa strateji silahların nümayişi mərhələsinə keçir. Bu isə Yaxın Şərqdə təhlükəsizlik mühitinin daha həssas və qeyri-proqnozlaşdırıla bilən mərhələyə daxil olduğunu göstərir”.

 

Nuray Əliyeva

#Gündəm #siyasi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər