Sərnişindaşımada subsidiya modeli - yeni mexanizm nələr vəd edir?-AÇIQLAMA
Sərnişindaşıma sektorunda subsidiya ödənişləri ilə bağlı yeni qaydaların tətbiqi gözlənilir. Dövlət tərəfindən daşıyıcılara verilən subsidiyalar nəqliyyat xidmətlərinin davamlılığının təmin olunması və sərnişinlər üçün gedişhaqlarının əlçatan saxlanılması baxımından mühüm rol oynayır. Yeni qaydalarla subsidiyanın hansı şərtlərlə və necə ödəniləcəyi müəyyənləşdirilir. Bəs bu dəyişikliklərin mahiyyəti nədən ibarətdir? Yeni mexanizm daşıyıcıların fəaliyyətinə və ən əsası, sərnişinlərin gündəlik xərclərinə necə təsir edəcək?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, müqavilə əsaslı subsidiya modeli 1985-ci ildə London şəhərindən başlayıb və dünyanın bir çox aparıcı şəhərləri bu modelə 40 il ərzində keçidi təmin ediblər:
"Ən yaxın qonşularımız da artıq bu model ilə şəhər nəqliyyatının dayanıqlı maliyyələşməsini təmin edirlər. Burada Moskva nümunəsi də ola bilər, Kiyev və 2022-ci ilin fevralından Tiflis nümunəsi də gətirmək olar".
Ekspert vurğulayıb ki, hər kilometrə görə daşıyıcılar subsidiya olunur və bu da hətta rentabelli olmayan marşrutların da dayanıqlı maliyyələşməsini təmin edir: "Daşıyıcılar qarşısında bir öhdəlik formalaşır ki, qrafiklə fəaliyyət göstərsin. Xərclərin bir hissəsini vətəndaş öz gediş haqqı ilə ödəyir, digər hissəsi isə hər kilometrə görə hesablanmış subsidiya hesabına ödənilir və ilin sonunda yenə də aidiyyəti dövlət qurumu yoxlanışlar keçirir. Əgər artıq ödəniş varsa, bu hesablaşır, əskik ödəniş varsa isə üstü düzəldilib ödənişi təmin olunur".
Ağamirzəyev qeyd edib ki, digər önəmli məsələ bu modelin hansı fürsətlər yaratmasıdır: "Digər dünya şəhərlərinin nümunəsində görürük ki, gündəlik, aylıq, həftəlik bilet paketləri var ki, daha az hərəkət edən sərnişinlər üçün ola bilər. Bu, regiondan gələn, bir neçə günlük şəhərdə olan insanlar üçün vacibdir, yaxud turist kimi gələnlər üçün. Sonra aylıq, illik bilet paketləri isə daha intensiv, gündəlik ictimai nəqliyyatdan istifadə edənlər üçün vacibdir - öncədən alanda onun günlüyü daha ucuz başa gəlir".
Ekspert bildirib ki, 90 dəqiqəlik pulsuz keçidlər də mühüm imkandır: "Vətəndaş bir ödəniş edir, fərqli nəqliyyat növlərindən və bir növdən digərinə keçəndə artıq ödəniş etmir, pulsuz transferlər əldə edir. Bunu Tiflisdə də, Kiyevdə də görə bilərik. Kiyevdə 90 dəqiqəlik QR bilet xüsusi terminallardan əldə edilir və adi QR biletin müddəti 15 gündür. Bizdə isə, məsələn, bir neçə dəqiqədən sonra deaktiv olunur və pul qaytarılır, yalnız mobil tətbiqdən əldə etmək olur. Amma orada terminallardan almaq imkanı var, bu da şəhərə gələn qonaqlar və texnologiyadan uzaq olan yaşlı insanlar üçün faydalıdır".
Nəqliyyat eksperti məktəbli, təqaüdçü və tələbələr üçün də güzəştli ayrı kartların mövcud olduğunu qeyd edib:
"Yəni, bizim Bakı Kartı, deyək ki, xüsusi qruplar üçün ayrı kartları müəyyən olunur. Dünyadakı model əslində eynidir - ödəniş üsulları kart üzərindən, QR üzərindən, NFC, yəni bank kartı və yaxud təmassız telefon, saatla da ödəniş olur. Bizdə bu nümunələr var, sadəcə onların dünyadakı analoqlarına uyğun təşkili yönündə də qərar verilsə, bu, daha da vətəndaşın ödənişini rahatlaşdırar".
Ağamirzəyev əlavə edib ki, brutto müqavilənin tam çeşidli icrası daha böyük imkanlar yaradar ki, vətəndaşlar daha rahat özünə uyğun marşrut formalaşdırılmasına zəmin yaransın:
"Bu ödəniş üsulu da qismən töhfə verəcək ki, sərnişin axınının fərqli parçalanmasına, infrastrukturun verdiyi imkanlar üzərindən və pulsuz keçidlərin vətəndaşlar üçün yaratdığı bir fürsəti olacaq".
Ekspert həmçinin bildirib ki, 2026-2028-ci illər üzrə keçid nəzərdə tutulub və təsdiq olunub, amma keçid hələ tam baş verməyib:
"Avtobusların 88 faizində nağdsız ödəniş var, yerdə qalan 12 faizi nağd ödənişdir və mərhələli keçid nəzərdə tutulub. Mən düşünürəm ki, bunu indiki vəziyyətdə, yəni mərhələli olaraq nağdsız olan avtobuslara artıq sistemi qoşub sistemin işləkliyini təmin etmək vacibdir. Yerdə qalan 12 faiz də yeniləndikcə, onlar da sistemə əlavə etməklə daha hərəkətliliyi təmin etmiş olar. Həmçinin həmin daşıyıcıları da stimullaşdırar ki, daha sürətli avtoparkını yeniləsin".
Mehriban Yariyeva