“Sülh sazişinin demək olar ki, 90 faizi artıq əldə olunub”
ABŞ 8 avqustda Vaşinqtonda imzalanmış razılaşmaların icrasına başlayıb. Diplomatın sözlərinə görə, Bakı və İrəvan Vaşinqtonda paraflanmış sülh sazişini imzalamalı və ratifikasiya etməlidir:“Sülh nə qədər tez imzalansa, onun üstünlükləri bir o qədər tez həyata keçiriləcək”.
Mövzu ilə bağlı AĞ partiya başqanının müavini, beynəlxalq əlaqələr üzrə şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, diplomatın təbii ki, fikirləri çox önəmlidir və sevindiricidir:
“Artıq bizimlə Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını tələb və xahiş edən dövlətlərin sayı durmadan artmaqdadı. Bu dövlətlərin içərisində Amerikanın olması bizim üçün sevindiricidir. Çünki dünyanın əsas super gücü olan bir ölkə bu məsələdə maraqlı görünür. Əslində 8 avqustdakı paraflanmış sənədlə sülh sazişinin demək olar ki, 90 faizi artıq əldə olunub, çünki o sənəd sülhdən öncəsi yekun sənəddir. Nə artırma ola bilər, nə də çıxarma ola bilər, son təsdiq sənədi sayılır və yalnız sülh sazişi xəbəri kimi təsdiq olunması qalır. O baxımdan hesab edirəm ki, diplomat çox haqlıdır. Bu saziş imzalanmalı və nəsə edilməlidir. Təbii ki, burada əsas süründürücü tərəf Ermənistandır. Ermənistan Azərbaycan tərəfinin qoyduğu şərtləri ləng şəkildə icra edir, bu isə proseslərin getdikcə biraz da uzadır. Düşünürəm ki, Paşinyan gələn ilin iyununda keçiriləcək seçkilərlər əlaqədar məsələni uzadıb həmin prosesə qədər aparacaq və həmin seçkilərdən sonra yekun sənədə imza atacaq. Çünki Paşinyan bilir ki, o sənədə imza atsa bu Ermənistan cəmiyyəti daxilində birmənalı qarşılanmayacaq. Nüfuz itkisinə səbəb ola bilər”.
Həmçinin şərhçi qeyd edib ki, vasitəçilik roluna gəlincə Rusiya və Avropa ittifaqının təbii ki, mövqeyi ilə bir o qədər də uzlaşmır:
“Rusiya hazırda Amerika kimi bu məsələdə canyananlıq göstərmir, əslində məsələnin uzanmasının tərəfdarıdır. Azərbaycanla Ermənistanın arasında ki münaqişənin qalması tərəfdarıdır. Bu şəkildə görünür. Sülh sazişinin imzalanması təbii ki, region əməkdaşlıq formatlarına ciddi təsir edəcək. Xüsusilə Azərbaycan və Ermənistan arasında xüsusi əlaqələr qurulacaq, Türkiyə Ermənistan üzərində qoyduğu sərhəd qadağasını aradan götürəcək və nəticədə əməkdaşlıq formatları daha da genişlənəcək”.
Aytac İbrahimova
