“Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik vacibdir”
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin - yekun sənədin imzalanması üçün iki mühüm şərt mövcuddur. Bunlardan birincisi, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı məsələ, bu, artıq razılaşdırılıb və həmin istiqamətdə ümumi mövqe formalaşdırılıb. İkinci mühüm şərt isə Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin həyata keçirilməsidir.
Bunu Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında səsləndirib.
O qeyd edib ki, Konstitusiya dəyişikliyi aparılmadığı halda yekun sənədin hüquqi əsası yetərincə möhkəmlənmir. Bu dəyişikliklər həm prosesin legitimliyi, həm də gələcək münasibətlərin beynəlxalq hüquqa uyğun şəkildə tənzimlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən məsələ beynəlxalq gündəmdə diqqət mərkəzində qalmaqda davam edir və yekun sənədin imzalanma vaxtına birbaşa təsir göstərir.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Vaşinqtonda qəbul olunan 3 tərəfli bəyannamənin beşinci bəndində Ermənistanın konstitusiya dəyişikliyinə getməsi təsbit olunub:
“Çünki burada qeyd olunur ki, tərəflər bundan sonra qisasçılıq istiqamətində addımlara birmənalı olaraq istisna edirlər. Eyni zamanda, bir-birinin ərazi bütövlüyünü tanıyırlar. Ermənistan konstitusiyasında isə Azərbaycan əraziləri hesabına Ermənistanın genişlənməsi nəzərdə tutulur. Bu da o deməkdir ki, Ermənistan konstitusiyanın dəyişilməsi məsələsini ötəri olaraq üzərinə götürüb. Azərbaycanın digər şərtləri kimi konstitusiyanın dəyişilməsi şərti də Ermənistan hökumətindən qəbul edilməlidir. Bunun başqa variantı mövcud deyil. Eyni zamanda Ermənistan höküməti də başa düşür ki, əgər sülh prosesi ilə bağlı Azərbaycanın əsas şərtlərindən biri olan Ermənistan konstitusiyasının dəyişilməsi məsələsini yubadarsa, o zaman üçüncü qüvvələr prosesinin qoşulma ehtimalı artır. Bu Ermənistan dövlətinin mövcudluğu ilə bağlı təhlükəli vəziyyət yaratmaqla yanaşı, eyni zamanda, Ermənistan hökumətinin də hakimiyyətdə qalma şanslarını azaldır. Bu baxımdan hesab edirik ki, Ermənistan konstitusiyanın dəyişilməsi ilə bağlı Azərbaycanın tələblərini mütləq şəkildə yerinə yetirəcək. Əgər bu baş verməsə, Ermənistan konstitusiyasının dəyişilmədən sülh müqaviləsi imzalanarsa, o zaman növbəti mərhələlərdə geosiyasi əlverişli zəmin formalaşacağı halda Ermənistanın yeni hökumətləri sülh sazişini qanunsuz hesab edər. Azərbaycanın ərazilərinə növbəti işğalçılıq niyyətlərini həyata keçirməsi üçün fəaliyyətə başlaya bilər. Bunun üçün “dırnağarası əsaslar” yarada bilər və beynəlxalq ictimaiyyətə təqdim edə bilər. Buna görə də hesab edirik ki, Azərbaycan tərəfi uzaq perspektivi hesablanan addımlar atmaqla sülh sazişini dayanıqlı etməyə çalışır. Bu tamamilə doğru yanaşmadır”.
Əli Zülfüqaroğlu qeyd edib ki, Ermənistan başa düşür ki, sülh sazişini uzanması regionda qeyri- stabil vəziyyətin davam etməsinə maraqlı olan qüvvələrin fəaliyyətini gücləndirə bilər:
“Ermənistan daxilində revanşist qüvvələrə dəstək verə və beləliklə də əks-təbliğat aparmaqla Ermənistan hakimiyyəti üçün ciddi problemlər yarada bilər. Həmçinin Ermənistan dövlətinin mövcudluğu ilə bağlı təhlükəli fəaliyyət göstərə bilərlər. Təbii ki Ermənistan hökuməti də bunu çox yaxşı başa düşüb. Bu baxımdan hesab olunur ki, Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun olan tamamilə ədalətli mövqeyi Ermənistan hökumətindən qəbul olunacaq. Bunun başqa variantı mövcud deyil. Ermənistan hökuməti prosesi sürətləndirmək barəsində düşünməlidir və bunun alternativi mövcud deyil”.
Nuray Əliyeva