Səyahətçilər niyə xarici supermarketlərə bu qədər maraq göstərirlər?
Tokiodakı yumurtalı sendviçlərdən Yunanıstanın süd məhsullarına qədər supermarketlər səyahətlərin maraqlı təcrübələrindən birinə çevrilib. Turistlər artıq xarici supermarketlərə yalnız ərzaq almaq üçün deyil, yerli mədəniyyətlə tanış olmaq və fərqli məhsulları sınamaq üçün də gedirlər.
Hilton şirkətinin 2026-cı il üzrə Trendlər Hesabatına əsasən, səyahətçilərin 77 faizi xarici ölkələrdə ərzaq mağazalarını ziyarət etməkdən zövq alır. Condé Nast Traveller jurnalı da supermarket turizmini 2026-cı ilin əsas səyahət trendlərindən biri adlandırıb.
Supermarketlər ölkənin gündəlik həyatını öyrənmək üçün maraqlı məkanlardır. Burada insanların nə yediyini, hansı məhsullara üstünlük verdiyini və yerli qida mədəniyyətinin xüsusiyyətlərini görmək mümkündür. Abidələr ölkənin keçmişini, supermarketlər isə bu gününü əks etdirir.
Oksford Universitetinin eksperimental psixologiya professoru Çarlz Spensin fikrincə, xarici ölkədə dadılan məhsulların daha ləzzətli hiss olunmasında ətraf mühitin mühüm rolu var. Məsələn, tətildə yeyilən bir qəlyanaltı evə qayıtdıqdan sonra əvvəlki qədər dadlı gəlməyə bilər. Çünki dad təcrübəsinə yalnız qida deyil, həmin anın atmosferi də təsir edir.
İstehlakçı psixoloqu Keyt Naytinqeyl hesab edir ki, insanlar səyahət zamanı daha təbii və əlçatan təcrübələr axtarırlar. Xarici supermarketlər onlara yerli sakinlər kimi alış-veriş etmək və gündəlik həyata daha yaxından bələd olmaq imkanı yaradır. Tanış alış-veriş prosesi isə insanlara fərqli məhsulları araşdırmağa şərait yaradır.
Bununla belə, supermarket turizmi həddindən artıq artdıqda problemlər yarada bilər. Yaponiyanın Kavaguçiko şəhərindəki Lawson mağazası Fudzi dağının fonunda foto çəkmək istəyən turistlərin axınına görə izdihamla üzləşib. Nəticədə ərazidə mühafizəçilər və yol maneələri yerləşdirilib, daha sonra isə mənzərəni bağlamaq üçün böyük qara ekran quraşdırılıb.
Müəllif sonda Afinada yaşadığı bir hadisəni bölüşür. O, üzərindəki yazıları başa düşmədiyi qatıq qabları arasından birini seçməkdə çətinlik çəkərkən yerli qadının götürdüyü məhsulun eynisini alır. Müəllifin fikrincə, bu, indiyə qədər yediyi ən dadlı qatıq olur.
Xarici supermarketlər turistlərə yerli mədəniyyəti, qida ənənələrini və gündəlik həyatı yaxından tanımaq imkanı verir. Bu təcrübənin cəlbediciliyi isə həm yeni məhsullardan, həm də səyahət atmosferindən qaynaqlanır.
Mələk Hüseynova