00:00:00
Yazar
Zəri Bayramlı
11.05.2026 21:29 123 2 dəq oxuma
Sosial

Şagird sayı az olan məktəblər birləşdirilir:Şagirdlərin və müəllimlərin taleyi necə olacaq?

Şagird sayı az olan məktəblər birləşdirilir:Şagirdlərin və müəllimlərin taleyi necə olacaq?

Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir. Bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.Nazirin bu bəyanatı təhsil ictimaiyyətində bir sıra aktual məqamları yenidən gündəmə gətirib: Kənd və ucqar ərazilərdə fəaliyyət göstərən kiçik məktəblərdəki şagirdlərin taleyi necə olacaq və bu proses müəllimlərin iş yerlərinə, eləcə də məşğulluğuna necə təsir edə bilər?

 

 

Mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “İnformator.az”a açıqlamasında prosesin həssas tərəflərini diqqətə çatdırıb. O qeyd edib ki, məsələyə yalnız maliyyə yükü prizmasından yanaşmaq olmaz:

 

“Burada əsas məsələ təhsilin keyfiyyətidir. Reallıq ondan ibarətdir ki, bəzi kənd və ucqar məktəblərində şagird sayı olduqca azdır, siniflərdə dərslər birləşdirilmiş formada keçirilir, fənn müəllimi çatışmazlığı yaranır və nəticədə şagirdlər tam keyfiyyətli təhsil ala bilmir. Bu baxımdan müəyyən məktəblərin birləşdirilməsi və ya təhsil resurslarının daha səmərəli idarə olunması şagirdlərin daha güclü müəllim heyəti, laboratoriya, texnoloji imkanlar və sosial mühitlə təmin olunmasına müsbət təsir göstərə bilər. Amma bu proses təkcə inzibati qərarla yox, sosial və coğrafi reallıqlar nəzərə alınaraq həyata keçirilməlidir. Çünki kənd məktəbi bəzi bölgələrdə sadəcə təhsil müəssisəsi deyil, həmin yaşayış məntəqəsinin sosial həyatının bir hissəsidir. Xüsusilə, ucqar kəndlərdə yaşayan şagirdlərin taleyi burada ən həssas məqamlardan biridir. Əgər məktəb bağlanırsa və ya birləşdirilirsə, həmin uşaqların təhlükəsiz daşınması, məktəbə çıxış imkanları və psixoloji adaptasiyası əvvəlcədən planlaşdırılmalıdır. Əks halda bu proses müəyyən ailələrin uşaqlarını təhsildən uzaqlaşdıra bilər”.

 

 

 

"Azərbaycanda da bu məsələ yalnız “məktəbi bağlamaq” kimi yox, “şagirdi daha keyfiyyətli təhsilə necə çatdırmaq olar?” sualı üzərindən qurulmalıdır".

 

Əmrah Həsənlinin sözlərinə görə, islahat müəllimi sistemdən uzaqlaşdırmaq yox, onun potensialından daha səmərəli istifadə etmək məqsədi daşımalıdır:

 

“Azsaylı məktəblərin birləşdirilməsi bəzi müəllimlərdə narahatlıq yaradır. Çünki həmin bölgələrdə alternativ iş imkanları məhduddur. Proses müəllimləri sistemdən uzaqlaşdırmaq istiqamətində yox, onların potensialını daha effektiv istifadə etmək istiqamətində qurulmalıdır. Müəllimlərin başqa məktəblərə yerləşdirilməsi, yenidən hazırlıq proqramları, distant və hibrid tədris modelləri kimi həllər üzərində düşünülməlidir. Təhsildə aparılan hər bir islahatın mərkəzində həm şagird, həm də müəllim amili dayanmalıdır. Əgər bu balans qorunarsa, rasionallaşdırma prosesi gələcəkdə daha dayanıqlı və keyfiyyətli təhsil mühitinin formalaşmasına töhfə verə bilər " , - deyə təhsil eksperti fikirlərini yekunlaşdırıb.

 

Zəri Bayramlı

#gündəm #müəllimlərin #sayı #şagird
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər