Şamaxıda Üzüm və Şərab Festivalının açılışı olub
Sentyabrın 13-də Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb. Şamaxı Rayon İcra Hakimiyyətinin, “Abqora” restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilən festival iki gün davam edəcək.
"İnformator.az" xəbər verir ki, festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər şəxslər iştirak ediblər.
Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, üzümçülük və şərabçılığın Azərbaycanda, eləcə də Cənubi Qafqazda çox qədim tarixi var. Belə festivallar ənənələri yaşatmaqla yanaşı, ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına da təkan verir.
Festivalın əhəmiyyətindən danışan nazir təşkilatçılara minnətdarlığını bildirib. Qeyd edib ki, ötən il ölkəmizdə 12 milyon litr şərab istehsal olunub: “Bu istiqamətdə hələ görüləsi çox iş var. İnanıram ki, bu rəqəm ildən-ilə daha da artacaq və Azərbaycan şərabının tanınmasında belə festivallar mühüm rol oynayacaq”.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, vaxtilə yalnız aqrar region kimi tanınan Şamaxı bu gün həm aqroturizm, həm də turizmin digər bütün istiqamətlərində inkişaf edir: “Rayonumuzda aparılan çox böyük quruculuq işlərinə, həmçinin inkişafa görə Prezidentimizə bütün əhalimiz adından dərin minnətdarlığımızı bildirirəm. Şamaxının poeziyasının, musiqisinin, xalçaçılığının, qədim tarixi abidələrinin turistlərə yüksək səviyyədə təqdim olunması üçün belə festivallar çox önəmlidir. Biz qarşıdakı illərdə də yeni layihələrlə sizin qarşınıza çıxacağıq”.