Sandu: “Rusiya Moldovadakı seçkilərə təsir etməyə çalışır”
Moldova Prezidenti Maya Sandu bildirib ki, Kreml parlament seçkilərinə təsir göstərərək Kişinyovdakı hakimiyyətə nəzarət etmək istəyir. O, bunun təkcə Moldova deyil, Ukrayna və Avropa Birliyi ilə də bağlı olduğunu vurğulayıb.
Mövzu ilə bağlı politoloq Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında bildirib ki, əvvəldən gözlənilir ki, Rusiya Moldova Respublikasındakı seçki prosesinə fəal şəkildə müdaxilə edəcək:
“Rusiyanın məqsədi prezident Maya Sandunun partiyasının seçki şanslarını sarsıtmaq və onun hakimiyyətdən uzaqlaşdırılması prosesini başlatmaqdır. Aparılan açıq və gizli kampaniyanın nəticəsi olaraq Moldova cəmiyyəti faktiki olaraq ikiyə bölünüb. Düzdür, seçkini prezidentin partiyası, yəni avropayönümlülər qazanıb, amma Moldova cəmiyyətində bölünmənin əsası qoyulub. Seçki başa çatsa da, Moldovada Rusiya planları hələ davam edir. Avropayönümlü partiyalar qalib gəlsə də, insanların etirazı istisna edilmir. Belə ki, Moldovanın Sosialist Partiyası və ona qoşulan “Vahid Moldova” partiyası bu halda küçələrə çıxacağını bəyan edib”.
Politoloqun sözlərinə görə, bunun arxasında Kreml marağı var və Moldovada hakimiyyət dəyişikliyi Ukrayna müharibəsinin gedişatına ciddi təsir edə bilər:
“Ukrayna Prezidenti Volodimir Zelenski xəbərdarlıq edərək bildirib ki, Moldovada Rusiya yönlü qüvvələr qələbə çalarsa, Moskva Pridnestrovyedə 10 000 nəfərlik qoşun yerləşdirmək niyyətindədir və müharibənin əvvəlində olduğu kimi oradan Ukrayna ərazilərini atəşə tutacaq. Ukrayna müharibəsi və açıq gərginlik fonunda Moldova Avropa Birliyi üçün çox kritik bir nöqtədir. İstənilən təxribata və etirazlara lazımi cavab veriləcək. Bütün hallarda Moldovanın Rusiya ilə təkbaşına buraxılmayacağı dəqiqdir”.
Mələk Hüseynova