00:00:00
Yazar
Admin User
01.09.2025 13:07 139 2 dəq oxuma
Siyasət

“Sanksiyalar Rusiyanın uzunmüddətli müharibə aparmaq gücünü zəiflədə bilər”

“Sanksiyalar Rusiyanın uzunmüddətli müharibə aparmaq gücünü zəiflədə bilər”

ABŞ Rusiyanı Ukrayna ilə görüşməyə və müharibənin sülh yolu ilə həllinə nail olmaq üçün lazımi tədbirlər görməyə çağırıb. Əks halda Moskvanı sanksiyalar gözləyir. ABŞ-nin BMT-dəki səfiri vəzifəsini icra edən Con Kelli deyib ki, Rusiyanın hücumları Moskvanın sülhə olan ciddiliyini şübhə altına alır. O, Rusiyadan Ukraynaya zərbələri dayandırmağı tələb edib.

 

Mövzu ilə bağlı politoloq Tural İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Rusiyanı sanksiyalarla hədələməsi ilk baxışda təzyiq aləti kimi görünür:


“Amma Moskvanın mövqeyinə real təsir göstərməsi sual altındadır. Çünki Rusiya artıq uzun müddətdir Qərbin sanksiya rejimində yaşayır və öz iqtisadiyyatını adaptasiya etməyə nail olub. Bu səbəbdən yeni məhdudiyyətlərin tətbiqi Kreml üçün tamamilə gözlənilməz ssenari deyil. Sanksiyaların dərinləşməsi Rusiya iqtisadiyyatını tədricən daha da zəiflədə və hərbi resursların təminatına təsir göstərə bilər. Burada əsas məsələ Rusiyanın daxili sabitliyini qorumaq imkanlarının nə qədər davamlı olmasıdır. BMT Təhlükəsizlik Şurasında səsləndirilən çağırış isə formal olaraq beynəlxalq hüquqi gücə malik deyil, çünki Rusiya “veto hüququna” sahibdir. Ancaq diplomatik rəmz olaraq bu çıxış Moskvanı beynəlxalq müstəvidə təcrid edən bir amilə çevrilir. Yəni hüquqi baxımdan məcburi qüvvəsi olmasa da, siyasi baxımdan Rusiyanın “sülhə qarşı duran tərəf” kimi damğalanmasına xidmət edir. Bu isə beynəlxalq imic, tərəfdaşlıq münasibətləri və qlobal iqtisadi əlaqələr baxımından zərbədir”.

 

Politoloq qeyd edib ki, yeni sanksiyaların tətbiqi isə müharibənin gedişinə dolayı təsir edə bilər:

 

“Əgər iqtisadi çətinliklər hərbi istehsalın tempini azaldarsa, Moskvanın uzunmüddətli müharibə aparmaq gücü zəifləyəcək. Digər tərəfdən, sanksiyaların sərtləşməsi Rusiyanı daha çox İran və Çin kimi tərəfdaşlara yönəldə bilər. Bu isə Qərbin əsl hədəfini – Rusiyanı təkləmək strategiyasını tam reallaşdırmaya bilər. Ukrayna üçün bu sanksiyalar dolayısı ilə müsbət nəticə versə də, müharibənin dərhal dayanacağına zəmanət yoxdur. Çünki Kreml siyasi olaraq geri addım atmağı “məğlubiyyət” kimi qiymətləndirir və bu fakt da prosesi uzadır”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər