Sarkozinin Liviya pulları ilə bağlı məhkəmədə məhkumluğu
Fransanın keçmiş prezidenti Nicolas Sarkozy, 2005–2007-ci illərdə Liviyanın onun seçki kampaniyasını maliyyələşdirməsi iddiaları üzrə məhkəmə tərəfindən cinayətkar sövdələşmədə təqsirli bilinərək 5 il həbs cəzasına məhkum edilib.
Mövzu ilə bağlı Turan İrfan “İnformator.az”a bildirib ki, Fransanın sabiq prezidenti Nikola Sarkozinin Liviya pulları ilə bağlı iş üzrə məhkəmədə məhkum edilməsi əslində o dövrdə görünəndən daha böyük problemlərin üstünü bağlamaq xarakteri daşıyır:
“O dövrdə bir sıra Avropa liderləri Liviyanın mərhum lideri Müəmmar Qəddafinin maddi bazasından istifadə edərək hakimiyyətə gəlirdilər. Eyni zamanda sabiq Fransa prezidenti Sarkozi də bunlardan idi. Əslində Qəddafinin fiziki cəhətdən dərhal aradan görülülməsinin də əsl səbəbi, bu halların ortaya çıxması qorxusu idi. Fransa əsasən Əlcəzair soyqırımına görə artıq ona qarşı işlər görüldüyünü sezərək Fələstin dövlətini tanımaqla ərəb, İslam dünyasında özünü sığortalamaq istəyir. Eyni zamanda gələcəkdə Qəddafinin pullarından çirkli işlər üçün dövlət səviyyəsində necə yararlandıqlarının ortaya çıxmasından yan keçməyin yollarını arayırlar. Və beləcə Liviya pullarının sanki təkcə Sarkozi tərəfindən istifadə edildiyini "sübut" edərək günahı onun üzərində cəmləşdirirlər. Liviya pulları məsələsi təkcə Fransanı əlaqədar etmir, bu o dövrdəki əksər Avropa liderlərinə sirayət edən mövzudur. Mümkündür ki, ortaq qərarla sadəcə məlum ittihamla yalnız Sarkozini məhkum etməklə digərlərinin üzərindən bu şübhəni görüşməyə çalışırlar. Eyni zamanda bu hal nüfuzdan düşməkdə olan Makronun nüfuzunu qaldırmağa xidmət edir. Daxili siyasətdə reytinqini yüksəltmək üçün Sarkozi məhkum olunur, xarici siyasətdə, əsasən də ərəb, müsəlman aləmində Fələstini tanımaqla reytinq qazanmaq nəzərdə tutulur. Təbii ki, Fransanın əsas hədəfi ərəb, müsəlman aləmində böyük nüfuz qazanaraq təsirlərini artıran Türkiyəyə qarşı yönəlib. Fransa Şərqdə itirilmiş nüfuzunu və Afrikadakı təsir bucaqlarını yenidən bərpa etmək istəyir. Məlum məhkəmə qərarı eyni zamanda Qərb ölkələrinin də siyasi maliyyələşdirmə və korrupsiya mövzusunda xeyli "inkişaf" etdiyini hüquqi, əyani şəkildə sübut edir. Liviyanın pulu ilə hakimiyyətə gəlir, sonra Qəddafini aldadaraq onu devrilməsində yer alır. Təbii ki, Afrika münasibətlərində, xüsusən Liviya ilə bağlı siyasətdə özünü sığortalama məqsədi güdən bu hal münasibətlərdə gərginlik yarada bilər. Lakin hələlik Liviyada normal dövlət quruluşu olmadığı üçün indiki halda qabarıq nəticələr doğuracağı istisnadır. Əslində Fransa Liviya və digər Afrika ölkələrində itirilmiş təsirini yenidən bərpa etmək üçün təqsirin məsuliyyətini dövlətin deyil, şəxsin üzərinə yükləməklə və onu da məhkum etməklə həll yolu axtarır”.
Fatimə Hüseynli
