00:00:00
Yazar
Admin User
21.08.2025 17:11 129 2 dəq oxuma
Siyasət

"Seçkilər sülhü müəyyən edəcək"

"Seçkilər sülhü müəyyən edəcək"

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, 2026-cı ildə keçiriləcək parlament seçkiləri ölkənin gələcəyini müəyyən edəcək. Onun sözlərinə görə, seçkilərdə vətəndaşlar faktiki olaraq iki yol arasında – sülhün davam etdirilməsi və ya müharibə ritorikasına qayıdış arasında seçim edəcəklər. Paşinyan vurğulayıb ki, hakimiyyətinin əsas məqsədi regionda sabitliyi təmin edən sülh sazişinin imzalanmasıdır.

 

Məsələ ilə bağlı politoloq Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Ermənistanın sülh, yoxsa müharibə yolu ilə gedəcəyini həqiqətən gələn il keçiriləcək parlament seçkiləri müəyyənləşdirəcək:

 

"Bu baxımdan Paşinyanın sözlərində həqiqət var. Erməni cəmiyyəti səsvermə yolu ilə Ermənistanın gələcək istiqamətini – sülh, yaxud Azərbaycana qarşı müharibə yolunu – müəyyənləşdirməlidir. Əslində, gələn il Ermənistanda keçiriləcək parlament seçkilərinin əsas mahiyyəti hansı partiyanın qalib gəlməsində deyil, Ermənistanın hansı yolu seçəcəyindədir: sülh, yoxsa revanşizm üzərində qurulmuş müharibə yolu. Çünki bu gün Ermənistanda Paşinyan və onun partiyası sülh prosesinə meyilli və onu həyata keçirmək istəyən qüvvə kimi tanınır. Paşinyan və komandası artıq Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamaq yolunu seçib və bu, Ermənistanın ölkə və region üçün sülh siyasətinə üstünlük verməsinin göstəricisidir. Amma Paşinyanın əleyhinə olan siyasi qüvvələr revanşist prinsiplərlə yaşayan qüvvələrdir. Aydın məsələdir ki, gələn seçkilərdə Paşinyan timsalında sülh tərəfdarları ilə, revanşçıların timsalında isə müharibə tərəfdarları arasında mübarizə gedəcək. Bu mübarizənin nəticəsi həm Qərbin, həm də Azərbaycanın maraq dairəsindədir".

 

Ekspert həmçinin bunu da qeyd edib ki,Qərbin və Azərbaycanın maraqları baxımından Paşinyanın seçkilərdə qalib gəlməsi daha məqbul variant sayılır. Çünki Paşinyan sülhün tərəfdarı kimi çıxış edir:

 

 

"Çünki sülh sazişinin imzalanması prosesinə Paşinyan qoşulub, revanşçı qüvvələr isə bu prosesi hər vəchlə dayandırmaq niyyətindədirlər. Revanşçılar sülhün tərəfdarı deyillər. Əgər gələn seçkilərdə revanşçı qüvvələr üstünlük qazanarsa, Azərbaycanla Ermənistan arasında aparılan sülh prosesi tamamilə dayanacaq. Bu isə bölgə üçün yaxşı bir gələcək vəd etmir. Azərbaycan bu seçkilərin taleyinə müdaxilə edə bilməz, lakin nəticələrində maraqlı olduğunu açıq şəkildə ifadə edir. Əgər Ermənistandakı parlament seçkilərində Paşinyanın timsalında sülh tərəfdarları qalib gələrsə, bu, bölgədə hazırda seçilmiş sülh yolunun davamına müsbət təkan verəcək. Əks halda, yəni revanşçı qüvvələr qalib gələcəyi təqdirdə, bölgə üçün ən arzuolunmaz ssenarilərin başlanğıcı ola bilər".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər