00:00:00
Yazar
Zəhra Həsənova
27.05.2026 19:57 38 3 dəq oxuma
Sosial

Semestr imtahanları yaxınlaşır: tələbələr hazırlıq mərhələsində

Semestr imtahanları yaxınlaşır: tələbələr hazırlıq mərhələsində

Universitetlərdə semestr imtahanlarına sayılı günlər qalıb.Bu dövr həm biliklərin yoxlanılması, həm də akademik nəticələrin müəyyən edilməsi baxımından mühüm mərhələ hesab olunur.


Mövzu ilə bağlı bir neçə tələbə “İnformator.az” a semestr imtahanlarına hazırlıq prosesi, qarşılaşdıqları çətinliklər və istifadə etdikləri üsullar barədə fikirlərini bölüşüb:

 

Tələbə Səidə Allahverdizadə bildirib ki, ən böyük çətinlik vaxtı bölməkdir:

 

“Ən böyük çətinlik vaxtı düzgün bölməkdir. Çünki bir neçə fəndən eyni anda hazırlaşırıq. Hazırlıq üçün əsasən konspektləri təkrar edirəm və testlər işləyirəm”.


Digər tələbələr də imtahanlara hazırlıq prosesində qarşılaşdıqları çətinliklər və istifadə etdikləri üsullarla bağlı fikirlərini bölüşüblər:

 

“İmtahan vaxtı stress də olur. Bəzən mövzular çox olduğu üçün çatdırmaq çətinləşir. Mən daha çox qrup yoldaşlarımla birlikdə hazırlaşıram, bu daha faydalı olur”.

 

“Çətinlik əsasən yuxu rejiminin pozulması və yorğunluqdur. Hazırlıq zamanı mövzuları hissələrə bölüb oxuyuram ki, daha rahat yadda qalsın”.

 

Mövzu ilə bağlı saytımıza Bakı Dövlət Universitetinin müəllimi Diləfruz Şahbazova da öz fikirlərini bildirib:

“Xüsusi hazırlıq görmüşük. Tələbələrə dönə-dönə heç bir vasitədən istifadə etməmələrini tövsiyə etmişik. Ən yaxşı nəticə yalnız oxumaq və biliyə güvənməkdir. İmtahan öncəsi təkrar isə biliklərin möhkəmlənməsi baxımından ən vacib mərhələlərdən biridir. Düşünürük ki, hazırlıqlı və məsuliyyətli yanaşma uğurun əsas açarıdır”.

 

Həmçinin təhsil eksperti Elçin Əfəndi bildirib ki,semestr imtahanlarında test üsulunun tətbiqi daha səmərəli və əlverişli olar:

 

“Bir daha nəzərinizə çatdırım ki, hazırda ali təhsil müəssisələrində semestr imtahanları artıq başlayıb. Bir çox universitetlərdə hələ də ənənəvi imtahan modelindən istifadə olunur və suallar öncədən tələbələrə təqdim edilir. Daha sonra həmin suallar əsasında imtahanda tələbələrin qarşısına beş sual çıxarılır. Bəzi ali təhsil müəssisələrində isə test üsulu tətbiq olunur. Məncə, test üsulu daha əlverişli imtahan modelidir. Bu zaman tələbələr öz bilik və bacarıqlarını daha obyektiv şəkildə qiymətləndirə bilirlər.
Bilet çəkmə əsasında keçirilən imtahan formatının isə artıq dəyişdirilməsinə ehtiyac var. Tələbələrə 75 və ya 90 sual təqdim olunur və bu suallar semestr ərzində keçilən mövzuları əhatə edir. Daha sonra həmin sualların içərisindən cəmi beşinin imtahanda düşməsi tələbələrin qısa müddətdə həddindən artıq yüklənməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, tələbələr eyni vaxtda beş-altı, bəzən isə yeddi fənn üzrə hazırlaşırlar və hər fənn üçün onlarla sualı qısa müddətdə mənimsəmək məcburiyyətində qalırlar. Bu isə müəyyən çətinliklər yaradır. Düşünürəm ki, birinci növbədə suallar əvvəlcədən təqdim olunmamalıdır. Əgər təqdim olunursa belə, daha konkret və mövzuları əhatə edən istiqamətlər verilməlidir ki, tələbələr imtahanda hansı formatda suallarla qarşılaşacaqlarını təxmin edə bilsinlər. Məncə, ən məqsədəuyğun variant test üsulunun daha geniş tətbiq edilməsidir. Çünki test sistemi həm tələbələrin daha səmərəli hazırlaşmasına imkan yaradır, həm də imtahan nəticələrinin daha operativ şəkildə açıqlanmasını təmin edir. Bu sahədə müəyyən dəyişikliklərə və yeniliklərə ehtiyac var”.

Arzu Poladova

#xəbər #mərhələsində #azərbaycan #yaxınlaşır:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər