Separatçıların yeni rəhbərinə Ermənistan rəsmi reaksiya vermədi
Ermənistan hökumətinin Xankəndidə keçirilən qondarma seçkidə separatçıların yeni “başçısı” seçilən Samvel Şahramanyanla bağlı açıqlama verməməsi xeyli diqqət çəkmişdi. Nəhayət, səssizliyi baş nazir Nikol Paşinyan pozdu və bildirdi ki, Şahramanyanı təbrik etməsi üçün xüsusi səbəb yoxdur. Erməni liderin bu açıqlaması isə Xankəndidəki proseslərin İrəvanın maraqlarına uyğun şəkildə irəliləmədiyini gündəmə gətirdi. Bəs separatçıların yeni rəhbərinə Ermənistandan rəsmi reaksiya verilməməsinin əsl səbəbi nədir?
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı qondarma rejimin “prezidenti” Araik Arutyunyanın istefasından təəssüfləndiyini bildirib. Bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. Baş nazir qeyd edib ki, onlar arasında çox yaxşı işgüzar atmosfer və qarşılıqlı anlaşma olub. Paşinyanın bu açıqlaması heç də təsadüfi deyil. Çünki Arutyunyan Nikol Paşinyanın kadrı idi və təlimatları birbaşa İrəvandan alırdı. Onun Rusiya ilə təmasları olsa da, əsas himayədarı Paşinyan hakimiyyəti və paralel olaraq Qərb dairələri idi. Artyunyanın yerinə Şahramanyanın gətirilməsi məsələsi isə Ermənistan hakimiyyətinin iradəsindən kənar baş verib. Buna görə də Paşinyan Qarabağda baş verənlərin İrəvanda hakimiyyət dəyişikliyinə gətirib çıxaracağından ehtiyat edir.
Siyasi şərhçi Turan Rzayev məsələyə belə aydınlıq gətirib: “Arutyunyanın bir neçə dəfə Fransaya səfər etməsi, burada dövlət televiziya kanalında çıxış etməsi və ona şərait yaradılması məlum olduğu kimi Paşinyanın və erməni lobbisi və diasporasının səyləri nəticəsində baş vermişdi. İndiki məqamda onun istefa verməsi əlbəttə ki, Paşinyanın Qarabağa yönəlik siyasətinin iflasa uğraması deməkdir. Ümumiyyətlə, Paşinyanın bu məsələdə ata biləcəyi xüsusi bir addım yox idi. Nikol Paşinyan da faktiki olaraq uzun illərdir himayə etdiyi xunta rejimini artıq müdafiə edə bilmədi və nəticə etibarilə Arayik Arutyunyan dırnaqarası istefasını verməli oldu”.
Paşinyan müsahibəsində separatçıların yeni dırnaqarası rəhbəri Samvel Şahramanyanı niyə təbrik etmədiyinə də aydınlıq gətirib. Baş nazir bildirib ki, təbrik etmək üçün xüsusi bir hadisə yoxdur və Şahramanyanın üzərinə çox böyük məsuliyyət düşür. Bu açıqlama Paşinyanın separatçıların yeni “rəhbərliyi” ilə qarşıdurmada olması kimi şərh edilə bilər. Çünki Şahramanyan Kremllə sıx əlaqələrə malikdir və bu, qərbyönümlü siyasət yürüdən Paşinyan Administrasiyasının maraqlarına ziddir. Digər tərəfdən, Paşinyan anlayır ki, Azərbaycan Xankəndidə de-yure nəzarətini bərpa edəcək və Şahramanyan üzərinə qoyulan “ağır məsuliyyət”in altında qalacaq. Buna görə də, Ermənistan Qarabağdakı separatçılardan imtina edir.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə deyir ki, Ermənistan baş nazirinin Qarabağ Azərbaycanın ərazisi kimi bəyanatı və bununla bağlı imzası var idi: “Və əgər belə bir təbrik məktubu ünvanlansaydı, əlbəttə ki, vəziyyəti daha da gərginləşdirə bilərdi. Artıq Nikol Paşinyan da Azərbaycanın inteqrasiya siyasətində qərarlı və prinsipial olduğunu və oradakı separatçıların ömürlərinin çox qısa vaxtda olduğunu artıq görür, qəbul edir. Ona görə də bu təhlükəli ssenariyə getmədi”.
Ekspertlərin fikrincə, Nikol Paşinyanın separatçı lideri təbrik etməməsinin bir digər səbəbi də qərbin reaksiyası ola bilər. Baş nazirin Şahramanyanı təbrik etməsi onun Xankəndidəki dırnaqarası seçkini qəbul etdiyi mənasını verir. Amma Xankəndidəki separatçı rejimin “qondarma” seçkisi heç bir ölkə tərəfindən tanınmadı. Eyni zamanda bütün beynəlxalq mərkəzlər bu “seçkini” pisləyən bəyanatlar verdilər.
Qondarma seçkiləri tanımayan beynəlxalq təşkilatların arasında Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Xidməti, Avropa Şurası var. Bundan başqa Ukrayna, Moldova, Gürcüstan, Avropa Şurası, Pakistan, Böyük Britaniya, Özbəkistan, Macarıstan, Rumıniya və ABŞ da seçkini qınayan bəyanatlarla çıxış ediblər.
Proseslər onu göstərir ki, regionda vəziyyəti Azərbaycan diktə edir. Hətta Paşinyan da bunu dərk edir. Baş nazir onu da bilir ki, hazırkı situasiyada Qarabağa təsir imkanları yoxdur. Bu halda isə separatçıların ata biləcəyi ən yaxşı və konstruktiv addım silahı yerə qoyub təslim olmaq, Azərbaycanın amnistiyasından yararlanmaqdır.
