00:00:00
Yazar
Aysel Mirzəyeva
09.04.2026 19:19 13 2 dəq oxuma
İqtisadiyyat

Serbiya enerji tədarükünü niyə Azərbaycanla artırmaq istəyir?

Serbiya enerji tədarükünü niyə Azərbaycanla artırmaq istəyir?

Serbiyanın energetika naziri ölkəsinin enerji təhlükəsizliyini gücləndirmək məqsədilə Azərbaycanla enerji resurslarının tədarükünün artırılması ilə bağlı danışıqlar apardığını bildirib. Nazir qeyd edib ki, bu əməkdaşlıq regionda enerji təminatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, hazırkı geosiyasi vəziyyət fonunda Avropa ölkələri alternativ enerji mənbələri axtarmağa məcbur qalıb:

 

“Ümumilikdə Avropa ölkələri, o cümlədən Serbiya indiki mürəkkəb beynəlxalq vəziyyətdə enerji sahəsində alternativ tərəfdaşlar axtarırlar. Serbiya ənənəvi olaraq enerji baxımından Rusiyaya bağlı ölkələrdən biridir. Lakin Rusiyanın Ukrayna ilə müharibəsi və bu fonda tətbiq olunan sanksiyalar bir çox ölkələr kimi Serbiya üçün də müəyyən çətinliklər yaradıb. Bu səbəbdən Serbiya hazırda Azərbaycan kimi alternativ enerji təchizatçılarına üz tutur. Eyni proses digər Avropa ölkələrində də müşahidə olunur. Azərbaycanla enerji əməkdaşlığı Serbiyanın enerji təhlükəsizliyi baxımından müəyyən üstünlüklər yarada bilər. Alternativ enerji mənbələrinin olması istənilən ölkə üçün enerji təhlükəsizliyinin əsas elementlərindən biridir. Əgər Serbiya enerji resurslarını müxtəlif mənbələrdən əldə edə bilsə, bu, onun enerji təminatının daha sabit və təhlükəsiz olmasına kömək edə bilər. Bu baxımdan Azərbaycanla əməkdaşlıq Serbiya üçün müəyyən dövrdə əhəmiyyətli rol oynaya bilər”.

 

 Əkrəm Həsənov hesab edir ki, bu əməkdaşlığın uzunmüddətli perspektivdə necə inkişaf edəcəyini indidən dəqiq demək çətindir:

 

“Reallıq ondan ibarətdir ki, Serbiya uzun illər Rusiyadan enerji resursları alıb və bu münasibətlər tamamilə qısa müddətdə dəyişməyə bilər. Əgər gələcəkdə Rusiyaya tətbiq olunan sanksiyalar aradan qaldırılsa, Serbiyanın yenidən əsas enerji mənbəyi kimi Rusiyaya yönəlməsi ehtimalı var. Ona görə də, Azərbaycanla əməkdaşlıq müəyyən dövr üçün faydalı olsa da, bunun uzunmüddətli və genişmiqyaslı olacağı barədə qəti fikir söyləmək çətindir. Enerji sahəsində əməkdaşlıqdan danışarkən Azərbaycanın daxili imkanları da nəzərə alınmalıdır. Azərbaycan bir çox ölkə ilə enerji sahəsində əməkdaşlıq edir və müxtəlif dövlətlərə enerji resurslarının tədarükü ilə bağlı öhdəliklər götürür. Buna görə də ölkənin mövcud resursları, istehsal imkanları və daxili tələbat məsələsi də nəzərə alınmalıdır. Enerji siyasətində balansın qorunması vacibdir”.

 

Ayşə Müzəfərli

#yeni #serbiya #baki #artırmaq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər