Sertifikasiya imtahanları ləğv oluna bilər?
Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb edilməyəcək. Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında TİHA-nın sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, sertifikasiya imtahanlarının tamamilə ləğv ediləcəyini düşünmürəm:
“Çünki son illər həyata keçirilən sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar inkişafının, bilik və bacarıqlarının qiymətləndirilməsi, eyni zamanda təhsilin keyfiyyətinin artırılması istiqamətində dövlətin əsas islahatlarından biridir. Bu gün artıq on minlərlə müəllim sertifikasiya prosesindən keçib və nəticələr göstərir ki, proses həm müəllimlərin öz üzərində işləməsinə stimul verib, həm də məktəblərdə tədrisin keyfiyyətinə müsbət təsir göstərib. Ona görə də sertifikasiyanın ləğvi deyil, daha da təkmilləşdirilməsi, məzmununun zənginləşdirilməsi və tətbiq mexanizmlərinin təkmilləşdirilməsi daha real görünür.
20 min tamştatlı müəllim vəzifəsinin yaradılması isə təhsil sisteminin qarşısında duran real ehtiyacdan irəli gəlir. Bu gün ölkənin bir sıra regionlarında müəyyən fənlər üzrə müəllim çatışmazlığı mövcuddur. Bəzi yaşayış məntəqələrində şagirdlər aylarla müəyyən fənlər üzrə müəllimsiz qalır, bəzən isə bir müəllim bir neçə məktəbdə fəaliyyət göstərməyə məcbur olur. Xüsusilə, ucqar və kənd məktəblərində kadr təminatı məsələsi hələ də aktual olaraq qalır. Yeni tamştatlı yerlərin yaradılması bu boşluğun aradan qaldırılmasına, məktəblərin müəllimlə təminatının gücləndirilməsinə və şagirdlərin keyfiyyətli təhsilalma hüququnun təmin edilməsinə xidmət edir”.
Əlavə olaraq ekspert bildirib ki, sertifikasiyadan azad ediləcək müəllimlər məsələsinə gəldikdə isə burada əsas prinsip əmək qanunvericiliyi və vahid əməkhaqqı siyasətinin qorunmasıdır:
“Əgər həmin müəllimlər dövlət ümumi təhsil müəssisələrində eyni vəzifə üzrə çalışırlarsa, onların baza əməkhaqqının digər müəllimlərlə eyni olması gözlənilir. Lakin sertifikatlaşdırmadan keçən müəllimlər üçün nəzərdə tutulan əməkhaqqı əlavələri və stimullaşdırıcı mexanizmlər ayrıca məsələdir. Sertifikatlaşdırmanın əsas məqsədlərindən biri də məhz peşəkar inkişafı təşviq etmək və daha yüksək nəticə göstərən müəllimləri əlavə maliyyə mexanizmləri ilə motivasiya etməkdir. Buna görə də sertifikasiyadan azad edilən müəllimlərin baza maaşı digər müəllimlərlə eyni olsa belə, sertifikasiya nəticəsində verilən əlavələrin tətbiqi ilə bağlı ayrıca hüquqi tənzimləmələrin müəyyənləşdirilməsi vacibdir.
Ümumilikdə, bu qərar sertifikasiya prosesinin ləğvi kimi deyil, daha çox məktəblərdə kadr çatışmazlığı probleminin çevik həllinə yönələn bir addım kimi qiymətləndirilməlidir. Dövlət üçün əsas prioritet həm təhsil müəssisələrinin müəllimlə təmin olunması, həm də tədrisin keyfiyyətinin qorunmasıdır və bu iki hədəf bir-birini tamamlayan istiqamətlər kimi nəzərdən keçirilməlidir”.
Səadət Əlizadə