Seul ABŞ-dən vətəndaşlarının qayıdışını istəyib
Cənubi Koreya ABŞ ilə danışıqlar aparır ki, Corciyada immiqrasiya reydi zamanı saxlanılan yüzlərlə vətəndaşı yenidən ölkəyə daxil ola bilsin. Həmin əməliyyatda ümumilikdə 475 nəfər tutulub, onların 300-ə yaxını Cənubi Koreya vətəndaşıdır.
Bu hadisə Daxili Təhlükəsizlik Departamentinin ən böyük təkməkanlı əməliyyatı sayılır və Seulda narahatlıq yaradıb. Reyd, prezident Li Jae Myungun Vaşinqtonda Donald Trampla görüşərək əməkdaşlığın gücləndirilməsinə dair vədlərindən az sonra baş verib. Xarici işlər naziri Ço Hyun saxlanmanı “ağır vəziyyət” kimi qiymətləndirib və gələcəkdə oxşar halların qarşısını almaq üçün ABŞ ilə tədbirlər görəcəklərini bildirib. Seul deyir ki, əsasən subpodratçılarla işləyən işçilərin “könüllü gediş” yolu ilə azad olunması razılaşdırılıb və onlar icarə təyyarəsi ilə evə göndəriləcək.
ABŞ rəsmiləri isə saxlanılanların çoxunun deportasiya ediləcəyini açıqlayıb. İddialara görə, onların bir hissəsi vizasız gediş proqramının müddətini və ya B-1 iş vizasının şərtlərini pozub. Cənubi Koreya rəsmiləri bildirir ki, həmin mütəxəssislər oktyabrda fəaliyyətə başlamalı olan zavodun sınaq işinə kömək üçün göndərilib, lakin vaxtın məhdudluğu səbəbindən lazımi vizanı almaq çətinləşib.
Reuters
Qəmər Kazımzadə