00:00:00
Yazar
Admin User
06.05.2025 17:07 216 2 dəq oxuma
Dünya

Sibir bazasında gərginlik artır

Sibir bazasında gərginlik artır

Rusiya bombardmançı təyyarələri Sibirə toplayır. Bu barədə OSINT tədqiqatçısı MT Anderson peyk görüntülərinə istinadən məlumat yayıb.

"Şərqi Sibirdəki Belaya aviabazasında (məlumatlara görə Ukraynaya hava zərbələri endirmək üçün istifadə olunur) Tu-95 strateji bombardmançı təyyarələrin toplanması davam edir", – o, X hesabında yazıb.

 

Mövzu ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "İnformator.az"a açıqlamasında bildirib ki, Belaya aviabazası İrkutsk şəhərində yerləşir:

 

"Bu baza Sovet İttifaqından miras qalan hərbi obyektlərdən biridir. 1947–1984-cü illərdə burada dövrün ən müasir qırıcı təyyarə modelləri dislokasiya olunub. Sovet ordusunun ən güclü hərbi aviasiya vasitələrindən olan MiQ-15, MiQ-17, Su-9 və Tu-128 kimi məşhur qırıcı-bombardmançı təyyarələr məhz bu ərazidə yerləşdirilib. Bu gün isə Belaya aviabazasının yenidən aktivləşdirilməsi və xüsusilə Tu-95 strateji bombardmançı təyyarələrinin burada cəmləşdirilməsi təsadüfi deyil. Rusiya bu təyyarələri gələcəkdə Ukraynaya havadan zərbələr endirmək məqsədilə buraya toplaya bilər.

Niyə məhz Sibir? – Fikrimcə, Ukraynaya yaxın, yəni Rusiyanın Avropa hissəsində yerləşən bazaları Ukrayna dronlarla izləyir və zərərsizləşdirilə bilir. Amma Sibirdə yerləşən Belaya aviabazası daha təhlükəsiz hesab olunur. Ola bilsin ki, Rusiya bu bölgədə güclü hava hücumundan müdafiə sistemləri qurub və dronların bu əraziyə daxil olması demək olar ki, mümkün deyil. Məhz buna görə də strateji bombardmançıların buraya yerləşdirilməsi daha təhlükəsiz sayılır".

 

Siyasi şərhçi əlavə edib ki, Rusiya bu yolla həm dron hücumlarını neytrallaşdırmağa, həm də uzaq məsafədən – İrkutskdan Ukraynanı hədəfə almağa çalışır:

 

"Rusiya müharibə zamanı nadir hallarda passiv mövqe tutur. Bu baxımdan təyyarələrlə hava hücumlarını intensivləşdirmək Kremlin yeni taktiki yanaşması ola bilər. Rusiya son dövrlərdə Birinci Dünya Müharibəsindən miras qalan klassik taktikanı tətbiq edir: əvvəl havadan zərbələr endirilir, ardınca isə quru qoşunları "təmizlik" əməliyyatları aparır. İndiki mərhələdə bu yanaşmanın daha da sərtləşdirilməsi mümkündür. Çünki quru qüvvələr Şimali Koreya və Çindən göndərilən hərbçilərlə genişləndirilir və gücləndirilir. Bu da göstərir ki, perspektivdə Rusiya hava hücumlarını daha intensiv şəkildə davam etdirə bilər.

 

Digər tərəfdən, ABŞ-nin prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında heç bir şərt qoyulmadan atəşkəs əldə etməyə çalışır. Bu isə o deməkdir ki, hazırda tərəflər nəzarət etdikləri ərazilərdə təmas xəttini sabitləşdirməyə çalışacaqlar. Ancaq Rusiya hazırkı hücumlar vasitəsilə daha geniş əraziləri işğal etməyi və bu ərazilərə nəzarəti təmin etməyi hədəfləyir".

 

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər