“Silah müqaviləsi Ukraynanın müdafiə strategiyasını köklü şəkildə gücləndirir”
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-lə 90 milyard dollarlıq silah müqaviləsi imzalayıb. Bu addım ölkənin müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, müharibə şəraitində strateji üstünlük əldə etməyə yönəlib və regionda güc balansına əhəmiyyətli təsir göstərə bilər.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “İnformator.az”a açıqlamasında bildirib ki, bu müqavilə həm Ukraynanın, həm də beynəlxalq güc balansının gələcəyini müəyyən edir:
“90 milyard dollarlıq silah müqaviləsi Ukraynanın müdafiə strategiyasını köklü şəkildə gücləndirir. Cəbhə xəttinin möhkəmlənməsi, hücumların qarşısının alınması və strateji üstünlük qazanmaq baxımından bu çox mühüm addımdır. Ukrayna artıq Rusiyanın mümkün hücumlarına qarşı daha dayanıqlı müdafiə sistemi qura bilər. Bu müqavilə eyni zamanda Rusiyaya qarşı yeni bir çənbərdir və Moskvanın strateji mövqeyinə təsir göstərəcək. ABŞ-nin bu addımı yalnız Ukraynanı gücləndirmir, həm də Vaşinqtonun qlobal mövqeyini möhkəmləndirir. ABŞ bu müqavilə ilə öz mövqeyini həm Avropada, həm də beynəlxalq səviyyədə gücləndirir. Müttəfiqlərə mesaj verilir ki, təhlükəsizlik məsələlərində əsas oyunçu Vaşinqtondur. Eyni zamanda, bu addım Rusiyanın hərbi və strateji imkanlarını məhdudlaşdırır. ABŞ-nin bu siyasəti Avropadakı tərəfdaşlarına da təsir edir, onları Vaşinqtonun maraqları çərçivəsində hərəkət etməyə sövq edir. Rusiyadan bu müqaviləyə birbaşa hərbi cavabın gözlənilmədiyini bildirib. Rusiyanın cavabı daha çox bəyanatlar və diplomatik şərhlərlə məhdud qalacaq. Amma bu, Moskvanın özünü daha çox təcrid olunmuş və təzyiq altında hiss etməsinə gətirib çıxaracaq. Ukraynanın silah imkanlarının gücləndirilməsi, ABŞ-nin dəstəyi və Avropadakı tərəfdaşların mövqeyi Rusiyanın strateji mövqeyini zəiflədəcək. Bu müqavilə, əslində, Rusiyanın bir qonşu ilə strateji məğlubiyyətidir”.
Ayşə Müzəfərli
