Şimali Koreya növbəti dəfə ballistik raket atıb
Şimali Koreya bu gün səhər ölkənin şərq sahilləri istiqamətində ballistik raket atıb.
Mövzu ilə bağlı politoloq Tural İrfan açıqlamasında bildirib ki, Şimali Koreya ilə ABŞ-nin münasibətləri Donald Trampın əvvəlki Prezidentliyi dönəmində nisbətən düzəlməyə doğru gedib:
“Lakin Bayden zamanında bu münasibətlər yenidən əvvəlki gərginliyə davam edib. Həmin ərəfədə də Şimali Koreya Rusiya ilə sıx əlaqələr qurub və bir çox sahələrdə müqavilələr bağlayıb. Həmçinin Rusiya-Ukrayna müharibəsində birinciyə ciddi dəstək verməyə başlayıb. Hazırda Qərbin Rusiyaya qarşı təzyiqlərini neytrallaşdırmaq üçün Rusiya da Şimali Koreya vasitəsi ilə hərəkətlənmənin mümkünlüyünü göstərmək istəyir. Raket sınaqları ilə həm də regionda gərginliyi artırmaqla Qərbi bir neçə cəbhədə məşğul edə biləcəyinə işarə vuran Şimali Koreya əsas hədəf kimi Cənubu Koreyanın timsalında ABŞ-ni nəzərdə saxlayır. Eyni zamanda raketlərin sınaqdan keçirilməsi Yaponiyanın müdafiə strategiyası üçün təsirsiz ötüşməyəcək. BMT-nin reaksiyası təbii ki, mənfi olacaq və Cənubi Koreya tərəfinin də narahatlığı özünü gözlətməyəcək. Bölgədə gərginliyin artırılması düşünülür ki, Qərbin Rusiyaya basqısını azalda bilər. Şimali Koreya regionda hələ də təsir gücünü qoruyub saxladığını, ABŞ-nin qarşısında duruş gətirə biləcəyini nümayiş etdirir. Məlumdur ki, Cənubi Koreya əsasən Qərbin, xüsusən ABŞ-nin maraqlarına uyğun siyasət yürüdür və bu da Qərbi məcbur edəcək ki, sonuncunu qorusun. Rusiyanın planı ilə Şimali Koreya Cənuba qarşı cəbhə də aça bilər və Qərbi bir növ ikinci Ukrayna bataqlığına sürükləyə bilərlər. Raket sınaqlarının indiki ərəfədə Rusiyaya qarşı ABŞ və Avropa Birliyi ölkələrinin ciddi təziq planlarının müzakirə edildiyi ərəfədə baş tutması təsadüf deyil. Beynəlxalq təşkilatların bu məsələlərdə artıq rolu minimuma enib. Bu da vəziyyətin daha da gərginləşəcəyini vəd edir”.
Aytac İbrahimova
