Siqareti tərgitdikdən sonra orqanizmdə hansı dəyişikliklər baş verir?
Siqaret istifadəsi insan orqanizminə ciddi zərər vuran əsas amillərdən biri hesab olunur. Lakin siqareti tərgitdikdən sonra orqanizmdə tədricən bir sıra müsbət dəyişikliklər baş verir və sağlamlıq göstəriciləri yaxşılaşmağa başlayır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında professor Adil Qeybulla bildirib ki, siqaret tüstüsünün tərkibində asılılıq yaradan nikotinlə yanaşı, kanserogen maddələr də mövcuddur:
"Əsas təhlükəli maddələrdən biri benzopiren törəmələridir. Bunlar politsiklik aromatik karbohidrogenlərdir və tütün tüstüsü ilə birlikdə ağciyərlərə daxil olaraq burada toplanır. Daha sonra qana keçərək orqanizmin müxtəlif nahiyələrinə yayılır və ilk növbədə ağciyər olmaqla, digər orqanlarda da xərçəng xəstəliyinin yaranması riskini artırır.
Hətta insan həyatı boyu bir-iki siqaret çəkibsə belə, bu məlumat onkoloji anamnez toplanarkən nəzərə alınmalıdır. Çünki xəstənin siqaret istifadəsi xərçəng riskinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.
Siqareti nə qədər tez tərgitmək mümkündürsə, bir o qədər yaxşıdır. Lakin siqaret tüstüsünün orqanizmə təsirindən danışarkən yalnız bədənin toksinlərdən təmizlənməsini nəzərə almaq düzgün deyil. Siqaret tüstüsünün tərkibindəki sərbəst radikallar orqanizmdə mutasiyalara, hüceyrə transformasiyalarına və xroniki iltihabi proseslərə səbəb ola bilər. Bu proseslər isə gələcəkdə xərçəngönü vəziyyətlərin yaranmasına zəmin yarada bilər.
Bu baxımdan ən doğru yanaşma yalnız ənənəvi siqaretdən deyil, qəlyandan, elektron siqaretdən və digər tütün məmulatlarından da uzaq durmaqdır. Məqsəd mümkün qədər tütün tüstüsünün orqanizmə təsirini azaltmaq və bununla bağlı sağlamlıq risklərinin qarşısını almaqdır.
Ümumiyyətlə, siqaret çəkmək həm insanın özü, həm də ətrafındakılar üçün ən təhlükəli vərdişlərdən biridir. Gənc yaşlarda insanlar bunun yaratdığı riskləri tam dərk etməyə bilərlər. Lakin zaman keçdikcə siqaretin fəsadları özünü göstərir və insan müxtəlif xəstəliklərlə üz-üzə qala bilər".
Səadət Əlizadə