Son dövrlərdə qida zəhərlənmələri niyə artıb?
İsti havaların təsiri ilə qida məhsullarının daha tez xarab olması zəhərlənmə riskini artırır. Xüsusilə düzgün saxlanılmayan, uzun müddət açıq havada qalan və gigiyenik qaydalara əməl edilmədən hazırlanan qidalar sağlamlıq üçün təhlükə yarada bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib ki, qida zəhərlənmələrinin ən çox baş verdiyi fəsillər yaz və yay aylarıdır:
"Bu dövrdə temperaturun yüksəlməsi, qidaların düzgün emal olunmaması və saxlanmaması, həmçinin temperatur rejiminin pozulması qida zəhərlənmələrinə səbəb ola bilər. Eyni zamanda, qida zəncirinin istehsal, daşınma, saxlanma və satış mərhələlərində yol verilən ciddi gigiyenik və texnoloji səhvlər də əsas risk faktorlarındandır. Qida mənşəli zəhərlənmələr əsasən mikroorqanizmlər və onların ifraz etdiyi toksinlər səbəbindən baş verir. Mövsümi istilər mikroorqanizmlərin çoxalma sürətini kəskin şəkildə artırır. Bakteriyalar uyğun şərait yarandıqda çox qısa müddətdə sürətlə çoxala bilirlər.
Salmonella, stafilokok, E. coli, eləcə də ev şəraitində konservləşdirmə zamanı yaranan ölümcül botulizm ən çox rast gəlinən risklər sırasındadır. Digər tərəfdən, çiy ət məhsulları ilə termiki emaldan keçmiş və ya birbaşa istehlak ediləcək qidaların eyni kəsmə taxtasında doğranması, həmçinin eyni rəfdə saxlanılması patogenlərin yayılmasına səbəb ola bilər.
Soyuq zəncirin qorunması tələb olunan süd məhsulları, ət və dondurulmuş qidalar market səbətinə ən sonda yerləşdirilməli, evə daşınarkən isə izolyasiyaedici çantalardan istifadə olunmalıdır. Evdə çiy ət, toyuq və tərəvəz üçün ayrı kəsmə taxtaları və bıçaqlardan istifadə etmək tövsiyə olunur.
Bişmiş yeməklər otaq temperaturunda 2 saatdan artıq saxlanılmamalı və mümkün qədər tez soyuducuya yerləşdirilməlidir. Qidaların donunu açmaq üçün isti sudan və ya otaq temperaturunda saxlanma üsulundan istifadə etmək düzgün deyil. Ən təhlükəsiz üsullardan biri qidanı soyuducunun aşağı rəfində tədricən əritməkdir".
Səadət Əlizadə