Sosial media biznes üçün nə qədər əhəmiyyətlidir?
Sosial media müasir dövrdə biznesin inkişafında vacib vasitələrdən biridir. O, məhsul və xidmətləri tanıtmaq və müştərilərlə əlaqə qurmaq imkanı verir.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev "İnformator.az"a açıqlamasında bildirib ki, bu sahə iqtisadi baxımdan faydalıdır və həm vətəndaşlara, həm də dövlətə qazanc gətirə bilər:
"Sosial media artıq həyat tərzimizin ayrılmaz hissəsinə çevrilib və müxtəlif fəaliyyət sahələrinə ciddi təsir göstərir. Bu gün sosial platformalardan praqmatik məqsədlərlə istifadə edərək öz işini və karyerasını quran kifayət qədər insan mövcuddur. Sosial media, eyni zamanda, onlayn biznes fəaliyyəti üçün geniş imkanlar yaradır. Bu imkanlardan istifadə edərək evdar xanımlar, tələbələr və hətta məktəblilər belə sosial şəbəkələr üzərindən biznes fəaliyyəti göstərir, gəlir əldə edirlər. Lakin bu fəaliyyətlərin kölgə iqtisadiyyatının tərkib hissəsi olmaması vacibdir. Çünki bu sahə iqtisadi baxımdan faydalıdır və həm vətəndaşlara, həm də dövlətə qazanc gətirə bilər".
Ekspert bildirib ki, buna görə də fəaliyyətlərin qanuni və şəffaf şəkildə həyata keçirilməsi önəmlidir:
"Sosial medianın təsiri reklam bazarında da açıq şəkildə hiss olunur. Artıq etiraf etmək lazımdır ki, sosial şəbəkələr üzərindən aparılan reklam fəaliyyəti televiziya və çap mediasını geridə qoyaraq daha geniş yayılıb. Bu platformalar həm reklam, həm də ticari fəaliyyət baxımından daha üstün imkanlar təqdim edir. Bununla yanaşı, sosial media istehlak davranışlarına da təsir göstərir. İstifadəçilər əlavə nəqliyyat xərci çəkmədən, evdən çıxmadan istədikləri məhsulu sifariş edib əldə edə bilirlər. Bu isə xidmət əlçatanlığını artırır və prosesi daha rahat edir. Ümumilikdə, sosial medianın yaratdığı imkanlar faydalıdır, lakin bu fəaliyyətlər mütləq qanunvericilik çərçivəsində tənzimlənməlidir".
Səmayə Səftərova