“SOSİAL ŞƏBƏKƏDƏ HAMI İSTƏDİYİ KİMİ YAZA, DANIŞA BİLMƏZ”
Sosial şəbəkələrdəki azadlıq, sərbəstlik bəzi sahələrdə işimizə yarasa da, bəzən problemlərə səbəb olur. Tələskənlik, diqqətsizlik, savadsızlıq, məsuliyyətsizlik - sosial şəbəkələrdə dilimizi bərbad vəziyyətə gətirib çıxarır. Artıq problem təkçə orfoqrafiyada deyil, hərfləri “yeyənlər” də var, özündən hərf icad edənlər də, dilləri calaq edənlər də. "Ş" hərfini artıq 3 cür yaza biliriksə, deməli biz "cool" görünürük. "w", "sh" , sadəcə “ş” yazmaqdan daha asan olub.
Dilçi alim, professor Qulu Məhərrəmlinin sözlərinə görə, bəzilərinə elə gəlir ki, sosial şəbəkədə necə istəsə yaza bilər, necə istəsə danışa bilər, amma bu yazılan başqası üçündürsə, yazılanları başqaları dinləyir və oxuyursa, deməli, burada dilin qrammatik normalarına əməl etmək lazımdır. “ Gənclərimizdən gözləntilərimiz dilin qaydalarına uyğun yazmaq və oxumaqdır. Dilimiz zəngin, geniş və gözəldir. Gənclərimizə bu imkanlardan bəhrələnməyi məsləhət görürəm”.
Qulu Məhərrəmli jarqonlardan da uzaq olmağın dilimizə müsbət təsir bağışlayacağını vurğulayır. "Bəzi qısaltmalar da var, məsələn, "təşəkkür" əvəzinə "tşk", "müəllim" əvəzinə "mlm", bu cür ixtisarlar yazıda qənaət üçün çoxdur, bunu anlamaq olar, amma ümümiyyətlə, ifadə tərzində, fikrin deyilişində, məsələnin çatdırılması aydın və dürüst dildə olmalıdır". Gənclərimizin dil daşıyıcısı kimi öz borclarını yerinə yetirməklərini vacib adlandırıan müsahibimiz, bunun məcbur olduğunu deyil, öz içimizdən gəldiyi üçün etməli olduğumuzu deyir. Bildirir ki, qaydaları biz gözləməsək, normaları biz tapdalasaq, bunu doğru etməyi heç kimdən gözləyə bilmərik. Biz öz dilimizi qorumasaq, bunu heç kim etməyəcək.
Bu mövzuya fərqli aspektdən yanaşaraq, bunun günahkarının yalnız gənclər deyil, həm də böyüklər olduğunu bildirən Bakı Slavyan Universitetinin dosenti Şəhla Əhmədova sadalanan qüsurlar yalnız gənclərə aid etmir. “Savadlı, mütaiəli, mədəni, yüksək nitq mədəniyyəti olan dil daşıyıcılarının yetişdirilməsinə ailə, məktəb və cəmiyyət məsuldur. Evdə mütaliə vərdişi aşılanan insanla bundan məhrum olan arasında fərq özünü həmişə göstərir. Bu gün məktəb də əvvəlki nüfuza malik deyil, əvvəlki rolunu oynaya bilmir”. Müsahibimiz onu da bildirir ki, məişət üslubunda dilimizdə "uje", "prosta" sözlərini işlədənlərin səhvi anındaca tutulsa, bbbu tip sözlərdən istifadə adi hal almaz.
Çinarə Muradova
