ŞƏT ölkələrinin İnkişaf Bankı təsis ediləcək
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan ölkələr ŞƏT İnkişaf Bankı yaratmaq niyyətini ifadə ediblər.
"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Tiencində keçirilən ŞƏT sammitinin yekunlarına dair qəbul edilmiş bəyannamədə deyilir:
"Üzv dövlətlər ŞƏT İnkişaf Bankının yaradılmasının vacibliyini təsdiqləyərək, onun təsis edilməsi və fəaliyyəti ilə bağlı məsələlər üzrə məsləhətləşmələrin aktivləşdirilməsi barədə qərar qəbul ediblər", - sənəddə bildirilib.
Yekun bəyannamədə qeyd olunub ki, tərəflər süni intellektlə bağlı təhlükəsizlik risklərinin qarşısının alınması istiqamətində birgə işləyəcəklər. Onlar BMT-nin müasir siyasi və iqtisadi reallıqlara uyğunlaşdırılmasının zəruriliyini bildirib, təşkilatla yüksək səviyyədə dialoqu davam etdirməyə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq etməyə hazır olduqlarını qeyd edib və elmi-texniki əməkdaşlıqla bağlı razılığa gəliblər.