“Starmerin reytinqinin enməsi yalnız şəxsi uğursuzluq deyil”
Böyük Britaniyada Leyborist Partiyasının lideri Kir Starmerin reytinqi enməkdə davam edir. Son sorğular göstərir ki, ictimai dəstək əvvəlki ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Bunun fonunda Leyborist Partiyası daxilində də narazılıqlar güclənməkdədir. Bəzi deputatlar və partiya funksionerləri Starmerin siyasi kursundan narazılıq ifadə edir, hətta alternativ liderlərin gündəmə gətirilməsi ehtimalı müzakirə olunur.
Mövzu ilə bağlı politoloq Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Starmerin reytinqinin aşağı düşməsi təkcə Böyük Britaniyanın daxili problemləri ilə izah olunmamalıdır:
“Onun sözlərinə görə bu daha geniş qlobal siyasi proseslərin tərkib hissəsidir. Leyborist Partiyasının lideri Kir Starmerin reytinqinin aşağı düşməsi dünyada gedən prosesin tərkib hissəsidir. Bəşəriyyət indi elə bir mərhələdədir ki, siyasətçilərin reytinqinin davamlı olması mümkün deyil. Yəni sabitlik dövründə siyasi liderlərin reytinqləri uzun müddət sabit qala bilir. Ancaq qeyri-sabitlik dövründə bu mümkün deyil. İndi Böyük Britaniyada müşahidə olunan vəziyyəti əslində digər Avropa ölkələrində də müşahidə edirik. Fransa, Almaniya, İtaliya və hətta Şimali Avropada da hökumətlərin və partiya liderlərinin reytinqlərinin sürətlə enməsi adi hala çevrilib. Bu proses göstərir ki, ictimai etimad sürətlə dəyişir və sabit bir siyasi liderlik institutu saxlamaq çox çətinləşib. İndiki mənzərə tarixdə əvvəllər də müşahidə olunub. Belə bir vəziyyət Birinci Dünya Müharibəsindən sonra Avropada yaranmış vəziyyətə çox oxşardır. O dövrdə də köhnə siyasi sistemlər dağılıb, yeni qüvvələr önə çıxıb, cəmiyyətlərdə köklü dəyişikliklər baş verib. Ona görə də indi Böyük Britaniyada və yaxud digər Avropa ölkələrindəki iqtidarların gələcəyi ilə bağlı nikbin fikir söyləmək çətindir. Çünki biz artıq tamamilə yeni bir mərhələyə daxil olduq və burada köhnə qaydalar işləmir. Qarşıdakı seçkilər bu prosesin yalnız bir hissəsidir. Bir məsələ tamamilə aydındır ki, köhnə dünya düzəni dağılıb və heç nə bir daha əvvəlki kimi olmayacaq. Bu yalnız seçkilərə deyil, həm də bütövlükdə siyasi sistemlərə təsir edəcək. Böyük Britaniyada Leyboristlərin daxilində alternativ liderlərin gündəmə gəlməsi təbiidir, çünki siyasi boşluq yarananda yeni fiqurlar üçün imkanlar açılır. Amma məsələ təkcə şəxslərdə deyil, bütövlükdə siyasi partiyaların cəmiyyətlə münasibətlərindədir. Əgər bu münasibətləri dəyişmək mümkün olmazsa, təkcə Starmer deyil, gələcəkdə digər liderlər də eyni problemlə üzləşəcək. Bu vəziyyətin nəticələri həm də regional və qlobal siyasətə təsir göstərəcək. Bu gün biz Avropanın və bütövlükdə Qərbin siyasi həyatında ciddi etimad böhranı görürük. Seçicilər artıq ənənəvi partiyalara əvvəlki kimi səs vermək istəmirlər, yeni siyasi qüvvələrə yönəlirlər. Bu, Böyük Britaniyada da müşahidə olunur. Bu səbəbdən Starmerin reytinqinin enməsi yalnız şəxsi uğursuzluq deyil, bütövlükdə siyasi sistemin böhranıdır”.
Ayşə Müzəfərli
