Süni intellekt işinizi əvəz edəcəkmi? Ən çox risk altında olan peşələr
Süni intellekt (AI) şirkətləri hazırladıqları alətlərin insan əməyini əvəz etmək imkanları barədə böyük iddialar irəli sürürlər.
Bəzi işlər tam avtomatlaşdırılacaq, bəzilərində isə süni intellekt insanlara köməkçi rol oynayacaq. Dünyanın ən böyük şirkətlərinin rəhbərləri bu texnologiyalara milyardlarla dollar sərmayə yatırırlar. Bunun əsas səbəblərindən biri işçi sayını azaltmaqla xərclərə qənaət etmək istəyidir.
Artıq şirkətlərdə yeni işçilər işə götürmək əvəzinə müəyyən vəzifələri yerinə yetirən virtual əməkdaşlar- AI agentləri haqqında daha çox danışılır. Əgər bu proqnozların heç olmasa yarısı gerçəkləşərsə, bu dəyişiklik demək olar ki, bütün sahələrə və peşələrə təsir göstərəcək.
Nobel mükafatlı iqtisadçılar xəbərdarlıq edirlər ki, süni intellektin insanların həyat səviyyəsini yüksəltməsi üçün indidən tədbirlər görülməlidir. Əks halda, genişmiqyaslı iş yerlərinin itirilməsi riski yaranacaq. Londondakı şirkətlər də bildirirlər ki, AI əmək bazarını dəyişdirdiyi üçün lazımi bacarıqlara malik işçi tapmaq çətinləşib.
Hazırda proses ilkin mərhələdə olsa da, artıq müəyyən tendensiyalar müşahidə olunur.
Müxtəlif AI modellərinin proqram təminatının hazırlanması sahəsində insanın yerinə yetirdiyi tapşırıqları icra etmə qabiliyyətini göstərən araşdırmaya görə:
GPT-4 (mart 2023) -5 dəqiqəyə qədər davam edən tapşırıqların 85%-ni yerinə yetirə bilib.
GPT-4o (may 2024) -qısa tapşırıqların 83%-ni icra edib
Claude 3.5 Sonnet (oktyabr 2024) -5-59 dəqiqəlik tapşırıqların 42%-ni yerinə yetirə bilirib.
o3 (aprel 2025) -5-59 dəqiqəlik tapşırıqların 85%-ni, bir saatdan çox çəkənlərin isə 17%-ni yerinə yetirib.
Gemini 3.1 Pro (fevral 2026) -orta mürəkkəblikdə tapşırıqların 96%-ni, uzunmüddətli tapşırıqların isə 46%-ni yerinə yetirə bilirib.
Claude Mythos Preview (aprel 2026)-uzunmüddətli tapşırıqların 67%-ni icra edə bilirib.
Bu göstəricilər süni intellekt modellərinin əvvəllər yalnız bir neçə dəqiqə tələb edən işləri yerinə yetirə bildiyi halda, indi artıq bir neçə saat çəkən daha mürəkkəb tapşırıqları da icra edə bildiyini göstərir.
Məsələn, son nəsil AI modelləri kriptovalyuta müqavilələrindəki səhvləri müəyyənləşdirə, proqram kodunu təkmilləşdirə və optimallaşdıra bilir. Ekspertlərin fikrincə, yaxın bir il ərzində bu modellər proqram təminatını demək olar ki, tam müstəqil hazırlamaq səviyyəsinə çata bilər.
Bu tendensiya təkcə proqramlaşdırma sahəsində deyil, maliyyə analizi, hüquq xidmətlərinin ilkin mərhələsi və yaradıcı sənayelərdə giriş səviyyəli vəzifələrdə də müşahidə olunur.
Bu, iş yerlərinə necə təsir edir?
ABŞ-da aparılan geniş araşdırmalardan biri göstərir ki, ChatGPT-nin geniş yayılmasından sonra süni intellektdən ən çox təsirlənən sahələrdə çalışan 22–25 yaşlı gənclər arasında məşğulluq 2,7% azalıb. Maliyyə, proqramlaşdırma və yaradıcı sənaye kimi AI-dən daha çox təsirlənən sahələrdə isə bu göstərici 12,8%-ə çatıb.
Bununla belə, bütün iqtisadçılar bu nəticə ilə razılaşmır. Onların fikrincə, faiz dərəcələrinin artması kimi digər iqtisadi amillər də məşğulluğa təsir göstərib.
ChatGPT və digər böyük dil modellərinin istifadəyə verilməsindən sonra onlayn vakansiyaların sayında da dəyişiklik müşahidə olunub. OECD-nin araşdırmasına görə, telemarketinq və hüquq xidmətləri kimi AI-yə daha həssas sahələrdə vakansiyalar digər sahələrlə müqayisədə daha sürətlə azalıb.
Xüsusilə Böyük Britaniya xidmət sektorunun genişliyi səbəbindən AI-nin mümkün təsirlərinə daha həssas ölkələrdən biri hesab olunur.
AI istifadəsi sürətlə artır
Süni intellekt sistemləri dili başa düşmək və mətn yaratmaq üçün “token” adlanan mətn vahidlərindən istifadə edir. Orta hesabla bir token ingilis dilində sözün təxminən dörddə üçünə bərabərdir.
2026-cı ildə AI istifadəsi rekord səviyyədə artıb. Dünyanın aparıcı şirkətləri əməkdaşlarının məhsuldarlığını artırmaq üçün “token reytinqləri” tətbiq etməyə başlayıblar.
Son aylarda trilyonlarla, hətta kvadrilyonlarla token əsasən müxtəlif tapşırıqları avtomatik yerinə yetirən AI agentləri tərəfindən istifadə olunub. Lakin bu, şirkətlər üçün çox yüksək xərclər yaradıb və nəticədə onların bir qismi bu modellərdən istifadəyə məhdudiyyət qoymağa başlayıb.
Bu isə göstərir ki, bütün işlərin avtomatlaşdırılması iqtisadi baxımdan həmişə sərfəli olmaya bilər. Bəzi hallarda virtual işçilərin saxlanması insan əməkdaşlardan daha baha başa gələ bilər.
Digər tərəfdən, bir çox Qərb şirkəti artıq bazarda pulsuz təqdim olunan Çin mənşəli daha ucuz AI modellərinə üstünlük verməyə başlayıb.
Nəticə etibarilə, süni intellektin əmək bazarına təsiri ilə bağlı hələ də qeyri-müəyyənlik mövcuddur. Bununla yanaşı, artıq bəzi aydın tendensiyalar da formalaşmağa başlayıb.
Mələk Hüseynova