00:00:00
Yazar
Admin User
27.08.2025 11:39 95 2 dəq oxuma
Siyasət

Suriyada bir dövr başa çatdı, amma…

Suriyada bir dövr başa çatdı, amma…

Suriyanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyinə sadiqliyimizi bir daha təsdiqlədik. Amma bunu dekabrın 8-dən dərhal sonra da demişdik. Suriyada bir dövr sona çatdı, başqa bir dövr başladı, lakin başlayan dövr elə də asan deyil.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Suriyada sabiq rejimin süqut etməsi və hakimiyyətə sağlam qüvvələrin gəlməsi ilə Əsəd dövrü başa çatdı:

 

"Sonra müvəqqəti hakimiyyətin bərqərar olması, tanınması, strukturların formalaşması, daxili sabitlik kimi məsələlərin həlli baş verdi. Hələ tam oturuşmamış, İran və İsrail təhdidləri ilə üzləşən hazırki Suriya hakimiyyəti eyni zamanda "Suriya Demokratik Qüvvələri" adı altında təşkilatlanmış kürd qrupları və İsraillə həmrəy olan separatçı Druzların təhdidi ilə qarşı-qarşıyadır. Ərazi bütövlüyünə, suverenliyə açıq təhlükə yaradan bu qüvvələr ölkədə sabitliyə ciddi şəkildə maneələr yaradır. Türkiyənin sayəsində Suriya hakimiyyəti ayaqdadır və qeyd olunan problemləri aşmağa çalışır. Hazırda isə yeni dövr başlayır. Bu dövrün də çətinlikləri indidən görünür. Belə ki, qeyd olunan problemlərin həlli böyük zaman apara, gərginliklərə səbəb ola bilər. Suriyanın ərazi bütövlüyünün təhlükə altında olması birbaşa Türkiyə üçün də təhlükədir. Siyasi, diplomatik yöndən Türkiyə cəhd edir ki, problemlər mümkün qədər hərb müstəvisinə keçməsin. Çünki region üçün, elə Türkiyə və Suriyanın özü üçün də bu hazırki durumda arzuedilməzdir. Hazırda əsas çətinlik İsrailin yaratdığı problemlərin açılmasıdır. Ona görə ki, Türkiyə ilə münasibətlərin gərginliyi, Qəzza probleminin davam etməsi Suriyanı da təhdid altında saxlayır. İsrail Suriyada daxili qüvvələri hakimiyyətə qarşı təhrik etməklə eyni zamanda Türkiyəyə qarşı, onun maraqlarına qarşı yönəlir. Hesab edirəm ki, Suriyadakı problemlərin həlli üçün Türkiyə və İsrail dil tapmalıdır. Bunun alınması üçün də Qəzza məsələsində stabilliyin olması zəruridir. Qəzzada müəyyən həll yolunun tapılması üçün də mütləq ABŞ-nin ciddi müdaxiləsi, təsiri vacibdir. Ona görə ki, İsrailə təsir edə biləcək yeganə qüvvə ABŞ-dir. Əgər bunlar baş verməsə, Suriya, Türkiyə, İsrail məsələləri öz aralarında həll etməyə çalışsalar bu proses uzun zaman alacaq və əksinə, münasibətlərin daha da gərginləşməsinə də gətirib çıxara bilər. Ona görə ki, İsrailin Suriyaya müdaxiləsi birbaşa Qəzza və İran faktoru ilə bağlıdır. Həmasın dirənişi və İran təhdidi İsraili vadar edir ki, Suriyada vəziyyəti gərginləşdirsin. O ki, qaldı Suriyanın ərazi bütövlüyünə təhdidə, Türkiyənin bu məsələdə qəti addımlar atacağı şübhəsizdir. Ümid var ki, Suriyada yeni dövrün başlanğıcı ilə bağlı həm hakimiyyətin özü həm də Türkiyə əməli addımlar atacaq və əgər zərurət yaranarsa daxildəki separatçı qrupların neytrallaşdırılması üçün hərbi müdaxilədən də çəkinməyəcək".


Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər