Təhsildə süni zəka inqilabı: Qiymətləndirmə sistemində yeni yanaşmalar
Müasir təhsil sistemi rəqəmsal transformasiyanın ən mürəkkəb mərhələsini yaşayır. Süni zəkanın tədris prosesinə sürətli girişi bir tərəfdən yeni imkanlar açırsa, digər tərəfdən tələbələrin analitik düşünmə bacarıqları və akademik dürüstlüklə bağlı ciddi suallar doğurur.
Mövzu ilə bağlı İT mütəxəssisi Eyvaz Kərimov “İnformator.az”a bildirib ki, süni zəkanın tələbələrin alqoritmik düşünmə bacarığına təsiri birbaşa istifadə metodundan asılıdır:
“Əgər tələbə süni zəkanı yalnız hazır cavab almaq üçün istifadə edirsə, bu, analitik düşüncəni zəiflədə bilər. Lakin düzgün yanaşmada süni zəka, əksinə, bu bacarıqları gücləndirir. Məsələn, tələbə əvvəlcə problemi özü həll etməyə çalışıb, sonra nəticəni süni zəka proqramları ilə müqayisə edirsə, bu, tənqidi analizi inkişaf etdirir. Çıxış yolu köçürməni ‘tutmaq və cəzalandırmaq’ deyil, qiymətləndirmə yanaşmasını dəyişməkdir. Sistem artıq yalnız nəticəni yox, öyrənmə prosesini ölçməyə fokuslanmalıdır".
Təhsil eksperti Aytac İsmayılova isə vurğulayıb ki, süni zəkanın təqdim etdiyi “minimum müqavimət” yolu təhsilin mahiyyətini dəyişməyə məcbur edir. Ekspertin sözlərinə görə, diplomlar artıq sadəcə məlumatın yadda saxlanılmasının sübutu olmaqdan çıxmalıdır:
“Əgər biz şagirdə hələ də mexaniki suallar veririksə, onun düşünmə bacarığı yox olacaq. Amma tələbəyə süni zəkanın verdiyi cavabı təhlil etmək və səhvlərini tapmaq tapşırılsa, bu, tənqidi təfəkkürü stimullaşdıracaq. Gələcəkdə ev tapşırıqlarının çəkisi azalmalı, şifahi müdafiə və praktiki layihələr ön plana çıxmalıdır. Diplom artıq "mən bunu bilirəm" kağızı deyil, "mən bu bilikləri real şəraitdə tətbiq edə bilirəm" sübutu olmalıdır".
Gələcəyin mütəxəssisi üçün fundamental biliklərin əhəmiyyətinə toxunan ekspertlər qeyd edirlər ki, süni zəkaya düzgün “komanda” vermək üçün güclü baza mütləqdir. Aytac İsmayılova bildirir ki, fundamental bazası olmayan şəxs süni zəkanın çıxardığı səhv nəticəni heç vaxt müəyyən edə bilməz:
“Süni zəka bir alətdir, kalkulyator çıxanda "riyaziyyat bitdi" dedilər, amma əksinə, daha mürəkkəb hesablamalara qapı açıldı. Müəllim isə rutindən azad olaraq proqramı izləyən operator deyil, tələbənin psixologiyasını anlayan və ona istiqamət verən bir mentora çevrilir. Texnologiya empatiyanı və insani toxunuşu əvəz edə bilməz".
Süni zəkanı təhsildən kənarlaşdırmaq qeyri-mümkündür. Əsas hədəf onu təhsilin mərkəzinə bir “nəticə” kimi deyil, tələbəni kopyalayan deyil, yaradan və idarə edən şəxsiyyət kimi yetişdirən bir “alət” kimi yerləşdirməkdir.
Lalə Əhməd