Türkiyə Britaniya ilə ticarət həcmini 40 milyard dollara çatdırmağı planlaşdırır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Böyük Britaniya arasında ilk ikitərəfli strateji tərəfdaşlığın təməlinin atıldığını elan edib.
Mövzu ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyənin ixrac potensialının Böyük Britaniya kimi Avropa lideri olan bir ölkə ilə əməkdaşlıq şəklində reallaşması, qarşılıqlı ticarət əlaqələrinin genişlənməsi deməkdir:
"Türkiyə ilə Böyük Britaniya arasında, ümumiyyətlə, istənilən inkişaf etmiş Avropa ölkəsi ilə qarşılıqlı ticarət əlaqələrinin inkişafı Türkiyə iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Məhz Böyük Britaniya ilə ticarət dövriyyəsinin 40 milyard dollara çatdırılması planı Türkiyə üçün ciddi iqtisadi səmərələr vəd edir. Bu, Türkiyə iqtisadiyyatı üçün yeni perspektivlər açır. Türkiyə böyük ixrac potensialına malik ölkədir, Böyük Britaniya isə yüksək texnologiyalara sahibdir. Türkiyənin ixrac potensialının Böyük Britaniya kimi Avropa lideri olan bir ölkə ilə əməkdaşlıq şəklində reallaşması, qarşılıqlı ticarət əlaqələrinin genişlənməsi deməkdir. Bu da Türkiyə iqtisadiyyatının sürətli inkişafına təkan verəcək. Ticarət həcminin artması eyni zamanda, türk lirəsinin sabitliyinə də müsbət təsir edəcək. Böyük Britaniya ilə ticarət əlaqələrinin genişlənməsi nəticəsində ixracın artması milli valyutanın möhkəmlənməsinə səbəb olacaq və inflyasiya səviyyəsinin aşağı düşməsi ilə nəticələnə bilər".
Səmayə Səftərova